Binəqədidə “Lake Hotel”də baş verən faciə ilə bağlı araşdırmalar yeni müzakirələr yaradıb. Məlum olub ki, illər əvvəl icazəsiz çəkilən yüksək gərginlikli xətt Ramiz Mehdiyevin ailəsinə məxsus torpaq və biznes obyektlərini təmin edir. Yayılan xəbərlər hazırda sabiq Prezident Administrasiyası rəhbərinin biznes fəaliyyətləri ilə bağlı yeni suallar doğurub.
Mehdiyevin ailəsinə bağlı digər layihələr və obyektlərdə də oxşar qanun pozuntuları aşkarlansa, bu hansı hüquqi və siyasi nəticələrə yol aça bilər?
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, heç bir cəmiyyət bədbəxt hadisələrdən tam sığortalanmayıb:
“Lakin belə faciələrin qarşısını almaq üçün müvafiq dövlət qurumları və səlahiyyətli şəxslər mümkün olan bütün tədbirləri görməli, itkilər minimuma endirilməlidir. Təəssüf ki, son hadisələr bunun əksini göstərir. Binəqədidəki “Lake Hotel” faciəsi, eləcə də Yasamaldakı yanğın zamanı baş verənlər bir daha sübut edir ki, bəzi vəzifəli və ya səlahiyyətli şəxslərin qanunsuz addımları ağır fəsadlara gətirib çıxarır”.
Hüquqşünas bildirib ki, “Lake Hotel”dəki hadisədə Ramiz Mehdiyevin izinin olması ehtimalı hüquqi müstəvidə araşdırılmalıdır:
“Əgər deyilənlər təsdiqini taparsa, kimliyindən asılı olmayaraq, prosesdə məsuliyyəti olan hər kəs qanun qarşısında cavab verməlidir. Prezident dəfələrlə vurğulayıb ki, heç kimin keçmiş xidmətləri nəzərə alınmır, hamı qanun qarşısında bərabərdir və səlahiyyətlər şəxsi maraqlar üçün sui-istifadə vasitəsi ola bilməz. Əksinə, yüksək vəzifə dövlətə və xalqımıza daha yaxşı xidmət göstərmək üçün imkan yaradır. Lakin təcrübə göstərir ki, bəzi məmurlar səlahiyyətlərindən şəxsi maraqları naminə istifadə edirlər”.
X.Bəşirovun fikrincə, yüksək gərginlikli elektrik xəttinin çəkilməsi prosesi ilə bağlı iddialar vaxtilə belə qanunsuz göstərişlərin verildiyini göstərir:
“Yaşayış və qeyri-yaşayış obyektlərinin yaxınlığından keçən bu xəttin təhlükə mənbəyinə çevrilməsi, yalnız kiminsə bağ evində rahat yaşayışı təmin etmək məqsədi daşıyırdısa, bu, artıq ciddi hüquq pozuntusudur. Hadisə nəticəsində dörd nəfərin həyatını itirməsi ilə bağlı cinayət işi başlanıb və araşdırmalar zamanı həmin elektrik xəttinin qanunsuz çəkilməsi faktı təsdiqlənərsə, o prosesdə iştirak edən, rəhbərlik edən və göstəriş verən şəxslərin hamısı müəyyən olunacaq. Əgər faciə baş veribsə və bununla bağlı cinayət işi qaldırılıbsa, araşdırmanın sonunda təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi qaçılmazdır. Bu proses gec-tez mütləq hüquqi qiymətini alacaq”.









