Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov jurnalistlərlə söhbətində Ermənistanın təşkilatla münasibətlərinə dair diqqətçəkən açıqlama verib. Onun sözlərinə görə, rəsmi İrəvan hazırda KTMT-də aktiv iştirak etməsə də, gələcəkdə situasiya dəyişə bilər.
“Ümid edək ki, müəyyən vaxtdan sonra Ermənistanın siyasi rəhbərliyi düşünülmüş qərar verəcək və biz birlikdə yolumuza davam edəcəyik”, - deyə Tasmaqambetov bildirib.
KTMT baş katibi əlavə edib ki, “Ermənistan müstəqil və suveren dövlətdir və istədiyi təşkilata daxil olmaq və ya fəaliyyətini dayandırmaq hüququna malikdir”.
Onun bu fikirləri həm Ermənistana mesaj, həm də təşkilatın mövqeyinin yumşaq şəkildə ifadəsi kimi dəyərləndirilir.
Xatırladaq ki, ötən gün Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən KTMT sammitində Ermənistan növbəti dəfə iştirakdan imtina edib. Bununla belə, rəsmi İrəvan əvvəlki açıqlamalarında razılaşdırılmış sənədlərin qəbuluna qarşı çıxmadığını vurğulamışdı. Bu da Ermənistanın faktiki boykot strategiyası ilə formal diplomatik balansı qorumaq cəhdi kimi qiymətləndirilir.
Ermənistan parlamentinin spikeri Alen Simonyanın “Ermənistan KTMT-dən çıxıb-çıxmır” sualına cavabı isə siyasi gündəmi daha da gərginləşdirib. O bildirib ki, “Ermənistan faktiki olaraq KTMT-dən çıxıb”. Lakin rəsmi prosesin hüquqi şəkildə başlamaması ölkənin hələlik təşkilatın formal üzvü olaraq qalması deməkdir.
Analitiklərin qiymətləndirməsinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalanana qədər KTMT-ni tərk etmək niyyətində deyil. Bunun başlıca səbəbi Moskvanın siyasi təzyiq imkanları və seçkilər öncəsi potensial müdaxilə riskidir. Paşinyan yaxşı anlayır ki, Ermənistanın KTMT-dən rəsmi şəkildə çıxması Moskvanın sərt reaksiyasına, həm siyasi, həm iqtisadi, həm də informativ hücumlara səbəb ola bilər. Bu isə onun hakimiyyətini zəiflədə və daxili sabitliyi pozmağa xidmət edə bilər.
Ölkə daxilindəki siyasi mühit də Paşinyanın ehtiyatlı davranmasını zəruri edir. Ermənistan müxalifətinin mühüm hissəsi Moskva ilə sıx əlaqələrə malikdir və Kreml istənilən anda iqtisadi təzyiq mexanizmlərini işə sala, rusiyayönlü partiyaları fəallaşdıra bilər.
Bu şərtlər fonunda Nikol Paşinyan KTMT ilə kəskin qarşıdurmadan qaçmağa çalışır. Ermənistan nümayəndələri təşkilatın iclaslarına qatılmasalar da, qərarların qəbul edilməsinə mane olmayacaqlarını bəyan etməklə Moskvanı provokasiya etməməyə çalışırlar.
KTMT-nin Ermənistanı itirməsi təşkilatın özünü siyahıdan silə bilərmi? Ermənistanın “formal üzv - “faktiki boykot” strategiyası nə qədər davam edə bilər?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb.
Politoloq qeyd edib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxma prosesi 2018-ci ildən, Nikol Paşinyanın baş nazir seçilməsi ilə start götürüb:
“Faktiki olaraq, bu proses Ermənistanın qərb təşkilatlarına inteqrasiyasının paralelində həyata keçirilir. Yəni Ermənistan həm Avropa İttifaqına, həm də NATO-ya üzv olmaq istəyir. Bu səbəbdən də ölkə Rusiyanın nəzarətində olan və orbitində olan təşkilatlardan çıxmağa çalışır ki, bu da tamamilə təbiidir.
Ermənistanda davam edən qarşıdurmanın digər önəmli səbəbi isə orduda son zamanlarda yaşanan hadisələrdir. Ali zabit korpusu əsasən “Qarabağ klanı”nın hakimiyyəti dövründə formalaşıb və buna görə də Nikol Paşinyanla aralarında ciddi uçurum mövcuddur. Məsələn, 2021-ci ildə Ermənistanda hərbi çevrilişə cəhd olub, lakin bu cəhd baş tutmayıb. Bundan sonra ali zabitlər, yəni generallarla Paşinyan arasında kəskin qarşıdurma davam edir.
Aydın məsələdir ki, Nikol Paşinyan artıq 8 ildir hakimiyyətdədir və yaxın zamanlarda 9 ili tamam olacaq. Bu müddət ərzində sıfırdan general yetişdirmək mümkün deyil, buna görə də müəyyən problemlər qaçılmazdır. Üstəlik, bu zabitlərin əksəriyyəti Rusiyaya bağlı şəxslərdir.
İndiki vəziyyətdə əsas gözlənilən proses Ermənistan ordusunun Rusiya orbitindən çıxarılması, KTMT-dən və Rusiyaya bağlı digər qurumlardan uzaqlaşdırılması və Qərbə doğru inteqrasiya prosesinin başlanmasıdır. Yəni Ermənistan ordusunun NATO-ya inteqrasiyası əsas xətt kimi götürüləcək.
Bundan sonra isə zabit heyətinin dəyişdirilməsi istiqamətində addımlar atılacaq. Paşinyan həm kadr, həm də struktur baxımından öz istədiyi ordunu formalaşdırmaq niyyətindədir. Bu proses təbii olaraq davam edəcək. Gələcəkdə KTMT ilə Ermənistan hökuməti arasındakı qarşıdurmalara şahid olacağıq.
Fikrimcə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra rəsmi İrəvan KTMT-dən çıxmaq təşəbbüsü ilə çıxış edəcək”.









