Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modinin dəvəti ilə dekabrın 4-5-də Hindistana dövlət səfəri edəcək.
“Cebheinfo.az” xəbər verir ki, Kremlin yaydığı məlumatda belə deyilir.
Qeyd edilir ki, bu səfər Rusiya-Hindistan münasibətlərinin geniş gündəliyini - xüsusi imtiyazlı strateji tərəfdaşlığı - siyasi, ticarət-iqtisadi, elmi-texnoloji, mədəni və humanitar sahələrdə hərtərəfli müzakirə etmək, eləcə də aktual beynəlxalq və regional məsələləri hərtərəfli nəzərdən keçirmək üçün imkan yaradır.
Bu məsələlər Narendra Modinin rəhbərlik etdiyi Hindistan nümayəndə heyəti ilə danışıqların mərkəzində olacaq. Rusiya Prezidenti ilə Hindistan Prezidenti Draupadi Murmu arasında ayrıca görüş də keçiriləcək.
Danışıqların yekununda birgə bəyanatın qəbul ediləcəyi və bir sıra ikitərəfli idarələrarası və kommersiya sənədlərinin imzalanacağı gözlənilir. Lakin Rusiya və Hindistan liderləri arasında keçiriləcək müzakirələrin gündəliyində daha çox neft alqı-satqısına dair məsələnin diqqət mərkəzində olacağı güman edilir.
Ukraynada davam edən müharibə və Qərbin sanksiyaları fonunda Hindistan Rusiyanın ən iri neft idxalçılarından biri olub. Bu da Rusiyaya sanksiyalardan yayınmağa və əlavə gəlir əldə etmək imkanı yaradıb.
Lakin son günlər ABŞ-nin Rusiya ordusunun əsas maliyyə təminatçılarından olan “Rosneft” və “Lukoil” neft şirkətlərinə sanksiyaların tətbiq edilməsi Hindistanı alternativ enerji bazarları axtarmağa məcbur edib.
Əks təqdirdə, Hindistan ABŞ-nin sanksiyaları ilə üzləşə bilər. Əgər Ukrayna və Rusiya arasında yaxın günlərdə sülh əldə olunmasa, qadağaların dekabrın 13-dən etibarən qüvvəyə minəcəyi gözlənilir.
Üstəlik, ABŞ Hindistan məhsullarına tətbiq etdiyi 50 faizlik gömrük tariflərini ləğv edəcəyinə dair vədini ləğv edə bilər. Ona görə də Hindistanın Rusiya neftindən imtina etməsi Kremldə ciddi narahatlıqla qarşılanıb.
Əslində, hazırkı şəraitdə ucuz qiymətə Rusiyadan neft almaq Hindistan üçün çox əlverişlidir. Ancaq sanksiyalar qorxusu Yeni-Dehlini geri addım atamağa vadar edib. Çox güman ki, Putin və Modi danışıqlarda vəziyyətdən çıxış yollarını axtaramağa çalışacaq.









