Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik və qeyri-etik paylaşım edənlərin cəzalandırılması barədə irəli sürülən təklif müzakirəyə səbəb olub. Təklifi dəstəkləyənlərlə yanaşı, tənqid edənlər də az deyil. Bəziləri bunu söz azadlığına maneə kimi qiymətləndirirlər.
Milli Məclisin komitə sədri Fazil Mustafa Pravda.az-a açıqlamasında bu cür yanaşmanın yanlış olduğunu deyib.
“Əslində, bu təklif "bədən azadlığına qarşıdır" deyilə bilər, "söz azadlığına qarşıdır" niyə deyilsin ki? Sözünü normal de, mütləq soyunub danışmalısan? Söhbət hansısa şəkildə cəmiyyətin müəyyən əxlaqi dəyərlərinə hörmətsizlik göstərərək atılan adımlardan gedir. Normal, mədəni formada istənilən fikrini ifadə etmək istəyirsənsə, et. Mütləq pozğunluq, əxlaqsızlıq formasında etməyə kim icazə verər? Yəqin, cəmiyyətdə bu istiqamətdə düşüncə yayğınlaşıb. Buna qarşı müəyyən şikayətlərin çoxalmasını nəzərdə tutaraq belə bir addımın atılması və bunun hüquqi məsuliyyət yaratması nəzərdə tutulur”, - deputat bildirib.









