Şərur rayonunun Muğancıq kənd orta məktəbində müəllim və valideynlər kütləvi boykota başlayır. Səbəb, iki il əvvəl rüşvət ittihamları ilə işdən çıxarılan direkrot Sinduz Cəfərovanın yenidən vəzifəyə qaytarılmasıdır.
Məktəbin müəllimləri “Gündəlik Naxçıvan”a bildirirlər ki, yerli Təhsil Nazirliyi kollektivin açıq etirazına baxmayaraq, Cəfərovanı noyabrın 24-də yenidən direktor təyin edib:
“Bizim etirazımızı heç kim eşitmədi. Rüşvət aldığına görə işdən qovulan adamı yenidən məktəbə kim qaytarır? Əlbəttə ki, yenə rüşvətlə. Sinduz Cəfərova təkcə müəllimlərin maaşına göz dikən biri deyil. O, həm də kollektivlə kobud davranan insandır. Valideynlər də, şagirdlər də onu istəmir. Ona görə də dekabrın 1-dən bütün dərsləri kütləvi şəkildə boykot edəcəyik.”
Valideynlər də etirazı dəstəkləyirlər. Onlardan B.M. deyir ki, Cəfərovanın təyinatı barədə eşidən gündən uşaqlarını məktəbə göndərmir:
“O gedəndən rüşvətin əl-ayağı yığışmışdı məktəbdən. İndi yenidən təyin edirlər. O, uşaqları döyür, təhqir edir, alçaldır. Bu cür təhqirlərə düzməyən Elməddin adlı şagird 3 il öncə inhitar etmişdi.
Yazıq uşağı kabinetinə çağırıb, döymüş, başqa müəllimlərin yanında təhqir edib, alçaltmışdı. O da dözməyib, bu yola əl atmışdı. Biz istəmirik ki, başqa uşaqlar da onun taleyini yaşasın. Bütün bunlarla bağlı nazirliyə dəfələrlə şikayətlər etsək də, bizi dinləyən olmadı.”









