Bakıda SSRİ bayraqları ilə yürüş etməyə çalışan qrupun saxlanılması ilə bağlı məlumatlar yeni müzakirələrə yol açıb. Daxili İşlər Nazirliyi bildirib ki, aksiya təşkilatçıları - Abdulla İbrahimli, İbrahim Əsədli və digər şəxslər müəyyən olunaraq saxlanılıb. Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə onlar barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Onlara Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham elan olunub. İlkin istintaqın açıqladığı məlumata görə, həmin qrup başqa bir dövlətin ayırdığı maliyyə hesabına ofis icarəyə götürüb, mütəmadi toplantılar keçirib və sovet ideologiyasını təbliğ edən materiallar hazırlayıb. Axtarış zamanı çoxsaylı bayraqlar, kitablar və elektron daşıyıcılar aşkarlanıb.
Lent.az saxlanılanlardan Abdulla İbrahimli haqqında məlumat əldə edib. Məlumata görə, Abdulla İbrahimli əvvəllər jurnalist fəaliyyəti ilə məşğul olub və Abdulla İsmayıloğlu imzası ilə tanınıb. O, daha çox idman jurnalisti kimi fəaliyyət göstərib. Abdulla İsmayıloğlu “Futbol +” qəzetində və “Sport24.az” saytları ilə də əməkdaşlıq edib. Bir müddət əvvəl Peşəkar Futbol Liqası Abdulla İsmayıloğlunun akkreditasiyasını ləğv edibmiş.
Saxlanılan İbrahim Əsədli isə tanınmış həkim-onkoloqdur. Bir müddət əvvəl İbrahim Əsədli və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanmışdı. Daha sonra İ.Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə A.Əsədliyə qarşı şiddət göstərmişdi.
Bu hadisə təsadüfi deyil. İmişlinin Sarıxanlı kəndində 9 may tədbiri zamanı SSRİ bayrağının memorial kompleksə sancılması və həmin tədbirdə “Georgi lenti” ilə çıxış edən Saleh Səmədovun həbs edilməsi də geniş rezonans yaratmışdı. Son iki il ərzində sovet simvollarının bu şəkildə yenidən ortaya çıxması cəmiyyətdə “ideoloji nostalgiyadan” daha böyük proseslərin işə düşdüyü barədə suallar doğurur.
Hadisələr fonunda sosial şəbəkələrdə və mətbuatda yeni ehtimallar səsləndirilir. İstintaq materiallarında qeyd olunan “başqa bir dövlətin maliyyə dəstəyi” ifadəsi diqqətini ən çox çəkən məqam olub. Bir çoxları bu fəaliyyətlərin təsadüfi olmadığını, müəyyən şəbəkələrin himayəsi altında həyata keçirildiyini yazır.
Müzakirələrdə ən çox səslənən suallardan biri isə keçmiş PA rəhbəri Ramiz Mehdiyevlə bağlıdır. Dövlətə xəyanət və hakimiyyəti ələ keçirməyə cəhd ittihamları ilə barəsində həbs qərarı verilmiş Mehdiyevin uzun illər Rusiyanın Azərbaycandakı təsir şəbəkəsinin əsas fiqurlarından biri kimi təqdim edildiyi xatırladılır. Ekspertlər onun “Milyarderlər İttifaqı” ilə “Milli Şura” arasında əlaqələri koordinasiya etməsi barədə iddiaları, eləcə də dövlət çevrilişi ssenarisinə dair məktubun ələ keçirilməsini önə çəkirlər.
Bəs artıq ikinci dəfə Azərbaycanda “SSRİ nostaljisi” adı altında baş verən bu qanunsuz əməllərin arxasındakı qüvvələr kimdir? Əgər İmişli olayında məsələ yalnız imperiyanı simvolizə edən “Georgi lenti” idisə, indi artıq mütəşəkkil və düşünülmüş təxribatçı qrupdan söhbət gedir...
Hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, bu aksiyalar təsadüfi görünmür. Onun fikrincə, səbəb Rusiyanın ölkəmizdə təsir dairəsinin kiçilməsindən qaynaqlanır: “Çünki Azərbaycanın həm hərbi, həm də mülki idarəetmə sahəsində Rusiyanın təsir dairəsində olmuş şəxslərin sayı xeyli azalıb. Faktiki olaraq Rusiyanın "5-ci kolon"u ölkəmizdə darmadağın edilib və onun axırıncı nümayəndələrinin dövlətdən, eləcə də cəmiyyətdən uzaqlaşdırılması baş verməkdədir. Bu gedişatı da Rusiya izləyir, başa düşür ki, onun Azərbaycana təsir imkanları digər postsovet ölkələrində olduğu kimi deyil. Ona görə yeni sərt reallıqla barışmaq istəmir".
Q.Əlibəyli hesab edir ki, məhz bu səbəbdən Azərbaycana lokal yürüşlərlə müəyyən ismarışlar verilir: “Əslində təkcə təbliğat xarakterli aksiya keçirilməyib, həm də Azərbaycan hakimiyyətinə göstərmək istəyirlər ki, onların burada dayaqları var. Yəni belə görüntü yaradılır ki, ölkəmizdə SSRİ-nin bərpasının tərəfdarları var. Bununla Rusiya Azərbaycan hakimiyyətinə demək istəyir ki, özünün buradakı təsir imkanlarını hələ də saxlamaqdadır. İmişli hadisəsi də bu qəbildən idi və Rusiyanın təsiri altında baş vermişdi. Sadəcə, o tədbirdə iştirak edənlər sonuncu aksiyaçılarla müqayisədə yaşlı adamlar idi və onların nostalgiyasını müəyyən mənada başa düşmək olardı. Hərçənd o da Rusiyanın təsiri altında təşkil edilmişdi. Ancaq bu aksiyada biz gəncləri görürük və onlar SSRİ bayrağı ilə küçəyə çıxırlar, ictimai qaydanı pozurlar. Əlbəttə, əgər hansısa bayraqla aksiyaya çıxmaq ictimai təhlükə yaratmırsa, iştirakçı şəxs məsuliyyət daşımaya bilər. Lakin söhbət hansısa dövlətin maraqlarına qulluq etmək, bununla Azərbaycan cəmiyyətində demək olar ki, dayaqları olmayan bir dövləti müdafiə etmək cəhdi yaradır, dərhal da ictimaiyyətdə şübhə doğurur. Yəni ola bilməz ki, Azərbaycan Rusiyadan uzaqlaşmaq istəsin, amma hansısa gənc nəsil bu ölkəyə meyl göstərsin. Bu, inandırıcı deyil. O baxımdan, hesab edirəm ki, bu hadisə Rusiya xüsusi xidmət orqanlarının, yaxud onun təbliğat maşınının işidir, ya da maliyyə marağı qarşılığında təşkil olunub. Bu mənada, başqa dövlətin tapşırığı ilə ictimai asayişi pozmaq cəhdi varsa, cinayət işinin istintaqı aparılıb başa çatdırılmalıdır”.
Hüquqşünas eyni zamanda Azərbaycanın daxilində də görməli işlər olduğunu düşünür: “Onlardan biri də gənclərin işlə təmin olunmasıdır. Bəzi hallarda gənclər pul qarşılığında başqa dövlətlərin təsir dairəsinə düşürlər, onların tapşırıqlarını yerinə yetirirlər. Bura bəzi ekstremist dini cərəyanlar da daxildir. Ola bilsin ki, burada da Rusiya 5-10 gənci pul qarşılığında ələ almaq istəyib və demək istəyib ki, Azərbaycan daxilində qarışıqlıq yarada bilər. Bu mesaj verilsə də, bir ovuc adamla Azərbaycanın daxilində qarışıqlıq yaratmaq mümkün deyil”. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti artıq 1990-cı illərdə baş verən faciələri, sovet totalitarizminin nəticələrini və müstəqilliyin hansı zəhmətlə qazanıldığını yaxşı xatırlayır.
Yada salaq ki, Rusiya Prezidenti Vladimir Putinin müşaviri Anton Kobyakov və Dövlət Dumasının deputatı Nina Ostanina SSRİ-nin hələ də hüquqi baxımdan mövcud olduğunu iddia edib. Ekspertlər və müşahidəçilər sözügedən fikirləri heç də təsadüfi hesab etmir. Çünki Rusiya kimi ölkədə dövlətə yaxın şəxslərin Kremlin razılığı olmadan bu cür bəyanatlar verməsi mümkün deyil. Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun yekun mətbuat konfransında çıxış edən Anton Kobyakov açıq şəkildə bildirib ki, SSRİ-nin dağılması zamanı hüquqi prosedurlar pozulub və bu səbəbdən Sovet İttifaqı hüquqi baxımdan hələ də mövcuddur. Onun sözlərinə görə, SSRİ Xalq Deputatları Konqresinin qərarı ilə yaradılıb və yalnız həmin qurumun qərarı ilə buraxıla bilərdi. Lakin 1991-ci ildə belə bir qərar verilməyib.










