Noyabrın 21-22-də “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycanda səfərdə olmuş Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin geri qayıtdıqdan sonra verdikləri açıqlamalar maraq doğurur.
Xatırladaq ki, heyətə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan daxil idi. Onlar Azərbaycan tərəfdən Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşüblər. Görüş zamanı tərəflər Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası, vətəndaş cəmiyyətinin dialoq qurulmasındakı rolu və yaxın gələcəkdə həyata keçiriləcək birgə layihələr barədə müzakirələr aparıblar. Eyni zamanda, hər iki ölkənin cəmiyyətlərinin maraq göstərdiyi aktual mövzular ətrafında fikir mübadiləsi baş tutub.
Görüşün yekununda media sahəsində birgə fəaliyyətin intensivləşdirilməsi, ekspert qrupları arasında birbaşa əlaqələrin qurulması və Azərbaycanla Ermənistan vətəndaş cəmiyyətlərinin sülh prosesinə daha aktiv cəlb olunması barədə razılıq əldə olunub. Həmçinin işgüzar səviyyədə əlaqələrin davam etdirilməsi və gələcək səfərlərin planlaşdırılması qərara alınıb.
“Sülh Körpüsü” təşəbbüsünün üzvləri Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə də görüşüblər. Görüş zamanı Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin gücləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunub və Hacıyev nümayəndələrin suallarını cavablandırıb.
Nümayəndə heyətinin üzvü Naira Sultanian İrəvanda bildirib ki, Hikmət Hacıyev Bakıya səfər edən Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinə erməni əsirlərlə bağlı çox aktiv danışıqların aparıldığını bildirib. Onun sözlərinə görə, nümayəndə heyəti Hacıyevlə görüşdə əsirlərin taleyini müzakirə etsə də, konkret məlumat – nə say, nə də adlar əldə etməyib: “Bizə rəqəmlər və adlar barədə dəqiq cavab verilmədi, amma həm Ermənistan hakimiyyəti, həm də cənab Hacıyev bizi əmin etdi ki, bu istiqamətdə intensiv danışıqlar gedir”.
Heyətin digər üzvü Boris Navasardyan isə daha optimist danışıb: “Müzakirələr gedir, müəyyən həll variantları ola bilər. Sadəcə, bəzi detallar hələ sonadək dəqiqləşmədiyinə görə açıqlamaq istəmirəm”.
Bildirilir ki, erməni tərəfi bu səfərdə Bakıdakı erməni əsirlərlə görüşmək istəsə də, bu, gündəliyə salınmayıb. Navasardyan deyib: “Biz Yerevanda bu istəyi bildirmişdik. Bakıda bizə sadəcə səfərin rəsmi proqramı çatdırıldı və məlum oldu ki, görüş nəzərdə tutulmayıb. Bunun səbəblərini izah etmədilər”.
Görüşlərdə Ermənistan–Azərbaycan sərhədinin delimitasiyası da müzakirə olunub. Nümayəndə heyətinin üzvü Samvel Meliksetyan deyib ki, Azərbaycan tərəfi ən mürəkkəb mövzuların prosesin son mərhələsində həll olunmasını istəyir: “Onların yanaşmasına görə çətin məsələlər – məsələn, Azərbaycan ordusunun Cermukdan çıxması və Ermənistanın işğal olunmuş ərazilərinin taleyi delimitasiyanın son mərhələsində həll olunmalıdır. Eyni şey anklav-eksklavlarla bağlı da keçərlidir”.
Heyətin digər üzvü Areq Koçinyan bildirib ki, Hikmət Hacıyev onların vasitəsilə Ermənistan ictimaiyyətinə xüsusi mesaj göndərməyi xahiş edib:
“Müharibə bitib;
Azərbaycan üçün artıq müharibə mövzusu yoxdur;
Azərbaycan Ermənistanla uzunmüddətli və hərtərəfli sülh qurmaq istəyir;
Biz post-müharibə şəraitindən sülh modelinə keçmək niyyətindəyik”.
Koçinyan həm də Bakıda gördüklərinin bəzi məqamlarını belə təsvir edib: “Telefonla danışanda “ha, brat” deyə cavab verirlər. Bir anlıq elə bilirsən ki, ətrafında ermənicə danışırlar, o qədər oxşarlıqlar var”.
Erməni nümayəndələri Bakıdakı yeganə erməni kilsəsini – Müqəddəs Qriqor Lusavoriç kilsəsini də ziyarət ediblər.
Erməni heyətin əsirlərlə bağlı açıqlamalarını Pressklub.az-a şərh edən konfliktoloq Arif Yunus bildirib ki, əslində bu məsələni 8 avqustda Prezident Əliyev və Baş nazir Paşinyan Vaşinqtonda deyiblər. “Tramp isə əlavə edib ki, o, Qarabağ ermənilərini azad etmək üçün Əliyevə müraciət edib və Əliyevin onları azad edəcəyinə inanır”, - ekspert qeyd edib.
A.Yunus bildirir ki, bu məsələ erməni ekspertlərdən asılı deyil.
Arif Yunus, separatçıların mühakimə olunduqdan sonra azad ediləcəyinə inanır:
“2020-ci ilin noyabrında 156 erməninin bizə necə əsir düşdüyünü, onları terrorçu elan etdiyimizi, onlara 10-20 il həbs cəzası verdiyimizi xatırlayın. İndi bu terrorçular haradadır? Həbsxanada? Yox, Ermənistanda!..”
Xatırladaq ki, hazırda Azərbaycanda xüsusi ilə ağır cinayətlərdə ittiham olunan 23 erməni məhbus saxlanılır. Onlardan 7 nəfər artıq uzunmüddətli həbs cəzalarına məhkum edilib, 16 nəfərin işi isə – o cümlədən Qarabağdakı keçmiş separatçı siyasi-hərbi rəhbərlərlə bağlı proses yekun mərhələyə yaxınlaşır. Onların əksəriyyətini ömürlük həbs gözləyir.
Pressklub.az










