
Ədliyyə naziri Fərid Əhmədov Penitensiar Xidmətin vəzifəli şəxslərini işdən çıxarıb. Nazirin müvafiq əmri ilə vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiklərinə görə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Daxili təhqiqat şöbəsinin rəisi Fəqan Yaqubovun və ədliyyə orqanlarının sərəncamında olan Altay Abdullayevin ədliyyə orqanlarından xaric edilərək qulluq keçmələrinə xitam verilib. Bundan başqa, xidməti işinə məsuliyyətsiz yanaşaraq qanunla müəyyən olunmuş əsas vəzifələrini yerinə yetirmədiklərinə və fəaliyyətlərində digər ciddi nöqsanlara yol verdiklərinə görə Penitensiar Xidmətin bir qrup əməkdaşına qarşı intizam tənbehi tədbirləri görülüb.
Penitensiar Xidmət sahəsindəki islahatları şərh edən hüquq müdafiəçisi Novella Cəfəroğlu Sherg.az-a açıqlamasında uzun illər penitensiar xidmət sahəsinin jurnalistlər tərəfindən haqlı olaraq tənqid edildiyini xatırladıb
"Bizim monitorinq qruplarımız da illər boyu həbsxanalardan davamlı şikayətlər alıb. Bu sahədə problemlərin mövcudluğu heç vaxt gizli olmayıb. Sözügedən kadr dəyişiklikləri isə onu göstərir ki, Fərid Əhmədovun rəhbərliyi altında Ədliyyə Nazirliyində real islahatlara başlanılıb və kobud qanun pozuntularına yol verən şəxslər vəzifədən uzaqlaşdırılır. Bu, çox gecikmiş, amma olduqca təqdirəlayiq bir addımdır”.
Novella xanımın sözlərinə görə, dövlət başçısının bütün çıxışlarında əsas çağırışlardan biri məhz vəzifəli şəxslərin təmiz, şəffaf və insani davranış sərgiləməsidir:
“Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, məmur xalqına xidmət etməlidir, vətəndaşların müraciətlərinə biganə qalmaq olmaz. İnsanlara qarşı kobud münasibət, qanunsuzluq və məsuliyyətsizlik cəmiyyətin sabitliyinə zərbə vurur. Bu baxımdan Penitensiar Xidmətdə atılan son addımlar dövlət iradəsinin real təzahürüdür”.
Hüquq müdafiəçisi hesab edir ki, bu addımlar digər qurumlar üçün də nümunə olmalıdır:
“İstərdim ki, hər bir nazirlik bu təcrübədən bəhrələnsin, işində kobud pozuntulara yol verən, şəffaflıqdan uzaq olan şəxslər vəzifədən kənarlaşdırılsın. Əgər biz saf, ədalətli və xalqa xidmət edən bir cəmiyyət qurmaq istəyiriksə, bu cür dəyişikliklər və islahatlar qaçılmazdır. Cəmiyyət də kənarda qalmamalı, bu dəyişikliklərdə dövlətin yanında olmalıdır”.









