Dünən “Safari” MMC iki tenderin qalibi olub.
Tribunainfo.az xəbər verir ki, həmin tenderlərdən biri Siyəzən rayon İcra Hakimiyyətinin keçirdiyi olub.
Belə ki, İH Siyəzən şəhərinin küçə və məhəllələrində görüləcək abadlıq işlərini bu şirkətə verib. Tərəflər arasında 520 min 28 manatlıq müqavilə bağlanıb.
“Saffari” MMC elə həmin gün Sumqayıt Şəhər İcra Hakimiyyətinin də tenderini udub. Belə ki, Sumqayıt şəhərində Abad məhəllələrin yaradılması işlərinin satınalınmasını ehtiva edən tenderin dəyəri 1 milyon 165 min 94 manat təşkil edib.
Qeyd edək ki, “Saffari” MMC son bir ildə 12 tenderin qalibi olub. Onlardan ikisi Xaçmazda, ikisi Yevlaxda, üçü Sumqayıtda keçirilən müsabiqələr olub.
Tribunainfo.az bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Safari” MMC 23 sentyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquqi ünvanı Qusar rayonu, Qusar şəhəri, Şərifov küçəsi, ev 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Verdixanov Mübariz Eygün oğludur.
Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Mübariz Verdixanova gəlincə, o, “tender kralı” kimi tanınır. Onun adına daha iki sirli şirkətin olması bu iddiaların doğruluğuna şübhələri artırır.
Mübariz Verdixanov “Safari” MMC-dən başqa “Safari Bak Upak” MMC-nin və “Pioneer” MMC-nin qanuni təmsilçisidir. Maraqlıdır ki, mediada “Safari Bak Upak” MMC-nin təsisçiləri kimi keçmiş deputat Asya Manafovanın qardaşı Mikayıl Manafovla keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun adı çəkilir.










