Sabiq deputat Tahir Kərimli sosial şəbəkə hesabında Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciət fonunda tənqidlərə tuş gəlib. Sabiq deputatın yenidən mandat almaq arzusuna düşdüyü bildirilir.
T.Kərimli Pravda.az-a açıqlamasında deyilənlərə aydınlıq gətirib.
“Mehriban xanıma müraciətimdə birbaşa yazmışam ki, hər hansı şəxsi istəklərim yoxdur. Fikir verirəm, məni tənqid edənlər əsasən radikal müxalifət düşərgəsindən olanlardır. Əlbəttə, narahat olan kəslər məni tənqid edirlər. Çünki narahatdırlar ki, Vətən qarşısında törətdikləri cinayətlərə görə onlara da növbə çata bilər. Paylaşımım Vətənimizin taleyi ilə bağlıdır. Ölkədə çox ciddi proseslər gedir, adi işlər deyil. Böyük bir dövlət çevrilişi, hakimiyyətin ələ alınması, korrupsiya ilə bağlı ağır və əhatəli cinayət işi gedir. Digər hadisələr də baş verir. Belə vaxtda məsuliyyət hiss etmək lazımdır. Cılız fikirlər məndə narahatlıq doğurur. Yazırlar ki, sən nə üçün bu mübarizədə AXCP-Müsavat cütlüyünün rolunu görmək istəmirsən, ancaq Mehriban xanıma çağırışlar edirsən. Ən əsas motiv budur ki, nə üçün radikal müxalifəti görməzlikdən gəlirəm? Axı bunlar hansı işi görürlər? Hansı bloger səviyyəsindən yuxarı qalxa bilib? Onların real gücü nədir? Real gücləri bir rayon rəhbəri dəyişməyə belə yetmir. Əslində demaqogiya ilə bağlıdırlar. Həm də bilən bilir ki, bu radikal düşərgə özü vaxtilə məhz bu iqtidara sığınmış, həm AXCP, həm Müsavat və digərləri parlamentdə yerlər əldə etmişdilər. Axı hamı bunu bilir və görür. Mənə xəyanətkar deyirlər, halbuki xəyanəti özləri ediblər. Müxalifətin güclü, əlində bir iş görə bilən vaxtında siz xəyanət edib, mərhum Heydər Əliyevin əlindən öpüb, parlamentdə təmsil olunmusunuz. Yoxsa bir Tahirin parlamentdə oturması ilə nə dəyişir? Sizə müraciət etməyin mənası nədir? Hansı dayağınız var? Axı xalq sizdən imtina edib, rəhbərlərinizin keçmiş xəyanətinə görə sizin təşkilatlarınıza inanmır. Sosial narazılıq davam edir, təkcə siyasi partiyalar deyil ki. Buna görə də yenidən mandat almaq istəməyim barədə ortaya atılan iddianı qətiyyətlə rədd edirəm. Heç bilinmir ki, seçki nə vaxt olacaq? Seçkiyə dörd il qalıb. Ay aman, Tahir mandat istəyir. Dörd ildən sonra? Yaşlaşmışam. Bu gedişi edən idimsə, seçkiqabağı edərdim ki, mandat qazanım. Məni də özləri kimi bilirlər. Özləri ömur boyu bütün münasibətlərini şəxsi münasibətlər üzərində qurublar. Müsavatçılıq əqidəsinin arxasında gizləniblər. Yalnız şəxsi maraqlarını güdüblər. Buna görə də hesab edirəm, ortaya atılan iddialar gülüncdür. Heç kim bilmir, taleyi necə olacaq. Müraciət etmişəm və xalqımın gözləntisi var ki, ciddi şəkildə Vətənimi içəridən dağıtmaq, xariclə əlaqələr qurub, sabitliyi pozmaq, Azərbaycanı marionet dövlətə çevirmək, korrupsiya ilə ciddi məşğul olub xalqımı yoxsul vəziyyətə salmaq istəyənlər cəzalanacaqlar. Başqa istəyim yoxdur”, - o bildirib.










