Son günlər Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə bağlı ard-arda ilginc faktları ictimailəşdirən tanınmış sənət adamı, əməkdar artist Mehriban Xanlarova növbəti faktlarla çıxış edib. "DİA-AZ" xəbər verir ki, bu dəfə "Böyükxanım Talıbova kimdir?" başlığı ilə məlumatları təqdim edən xanım Xanlarova özünün sosial şəbəkə hesabında belə yazır:
"Bir vaxtlar İncəsənət Universitetində laborant işləyən anasının hesabına Mədəni-maarif fakültəsində təhsil almışdı. Universitetdə rəhbərliklər dəyişəndə isə birdən-birə onun “rejissor-aktyor bacarığı” üzə çıxmağa başladı və həmin xanım bilavasitə SABAH qruplarına rəhbərlik etdi. Ardınca universitetdə ən məsuliyyətli vəzifələr ona həvalə olundu, tələbə qəbulu və digər mühüm məsələlər birbaşa onun ixtiyarına verildi. Beləcə “BÖYÜKXANIM” Bella xanım ortaya çıxdı.
Daha sonra o, rejissorluq-aktyorluq fakültəsinə dekan təyin olundu. “Səhnə uğurları” o qədər “böyük” qiymətləndirildi ki, bir gün də olsun teatrda çalışmayan bu xanım, dövlət qulluqçusu statusu olmadan, Mədəniyyət Nazirliyinin Teatr sektoruna rəhbər gətirildi.
Teatr cameəsi yaxşı bilir: bir tamaşa haqqında bu xanım sənət adamlarına, şöhrətli teatr xadimlərinə hansı əsasla fikir bildirə bilər? Ölkədə fəaliyyət göstərən 26 teatra necə rəhbərlik edə bilər?
Bundan əlavə, nəzərə alsaq ki, Bella xanım hələ də universitetdə SABAH qruplarında aktyor sənətindən dərs deyir, daha bir sual yaranır: Bir gün Lənkəran teatrında, bir gün Gəncə teatrında, ertəsi gün Qaxda, Qusarda, saysız-hesabsız xarici ezamiyyələrdə olan bu xanım universitetdə tələbələrə dərs deməyə vaxtı haradan tapır?
Növbəti yazımda Bella Talıbovanın yerləşdirdiyi kadrlarla bağlı daha ətraflı məlumat verəcəyəm".










