Bir neçə gün əvvəl paytaxtımızda bir neçə nəfər SSRİ bayrağı qaldırdı. Gülməlidir, deyilmi? Ölkənin siyasilərinin əksəriyyəti rus dilində danışır, ölkədə hələ də rus dövründən qalan, dəyişməyən küçə adları, abidələr, heykələr və s. var. 3-4 nəfər bayraq qaldırsa nə olacaq?
“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, belə olarsa gərək, Bakının mərkəzində Nərimanovun heykəli və Ayna Sultanovun heykəli götürülməli, Axundovların adına küçələrin adı dəyişdirilməlidir: “Bu insanların hamısı çar Rusiyasına, sonra da Sovet Rusiyasına xidmət edən və Azərbaycana xəyanət edən adamlar olub. Yəni biz bu adamları nə vaxtadək qəhrəman və ya mütəfəkkir adlandıracağıqsa, bu proses belə davam edəcək.
Bu dövrü Qara Qacar dövründən "ağ rus" dövrünə bizi aparmaq kimi dəyərləndirənlər olacaqsa, vəzifədə olacaqsa, söz sahibi olacaqlarsa, Azərbaycanın ən yüksək eşalonları rus dilində danışmağı şərəf, dəb, səviyyə biləcəklərsə bu 3-4 nəfər “gədə-güdə” kimdir ki? Onlar təhlükə deyil”.
Kimsə üçüncü cərgədə himn çalınanda kimsə ağzını tərpədəndə mən sevinirəm ki, nəhayət bunlardan kimsə himn oxumağa başlayır. Budur, əsl problem.
Dünən qarşıma çıxdı. Azərbaycan telekanallarının birində tarixi şəxsiyyət Fatih Sultan Mehmet haqda çəkilmiş serialı göstərirlər. Azərbaycan türkcəsinə tərcümə edirlər. Baxanda adam iyrənir. Bunu bir türk dilindən digər bir türk dilinə tərcümə edib, həmin o türk dilini rus dili və digər əcnəbi dillərlə bir səviyyə qoyanlardır, təhlükə. Bəzən Azərbaycan kanallarında rus dili tərcümə olunmur, amma Anadolu türkcəsi tərcümə olunur. Yəni 4 gədənin əlində SSRİ bayrağı ilə və yaxud ondan əvvəl hansısa rayonda yaşlı biri rusun "Georgi lenti"ni geyinmişdi, bunlar elə belədir. Bunlar piyadadırlar. Bunun şahı, vəziri, topu, atı yuxarılardadır. Buna görə, gərək xalq öz taleyinə əncam qılsın.
Dünən sosial mediada qarşıma çıxdı: rus yazıçısı Çexov öz dövründə Bakıda olub və Bakıdan yazıb. Deyib ki, “Bu nə şəhərdir ki, neft qoxur?! Belə şəhər olar? Ancaq fars sifətlərini görürəm”. Çexov orada "fars sifəti" yazmaqla farsları deyil, bizi nəzərdə tutur. Orada şərhdə biri yazmışdı ki, Çexovun üzərinə nə düşmüsünüz. Və yaxud biz Nərimanova xain deyəndə, deyilirdi ki, “siz kimsiniz ki, Nərimanovdan danışırsınız. Nərimanov Azərbaycanın oğludur”. Sabah rus Azərbaycana tanklarla gələndə bunlar qapını açacaqlar və rus gətirib bunu ölkənin rəhbəri qoyacaq. Guya bu ölkənin rəhbəri olanda hansısa pozitiv işlər görəcək. 100 il keçəndən sonra biz nəsə deyəndə kimlərsə onu müdafiə edib deyəcək ki, “bilirsinizmi, o Azərbaycan üçün nələr edib?!”. Nərimanov da qapıları açıb, Cümhuriyyətimizi işğal etdirib. Sonra rus onu qısa müddətə rəhbərliyə qoyub. Sonra xidmət etdiyi ruslar da onu güllələyib, düz də ediblər. Satqınların axırı elə olmalıdır.
Nuri Paşanın, Ənvər Paşanın heykəli var? Amma Nərimanovun var. Telekanalımızda Anandolu türkcəsi tərcümə edilir. Bu "Turan nağılları"na mən inanmıram. Mən buna o zaman inana bilərəm ki, Azərbaycan kanallarında Anadolu türkcəsi tərcümə olunmasın”-deyə Əhəd Məmmədli fikrini yekunlaşdırıb.










