Xəbər verdiyimiz kimi, noyabrın 24-də Parisdə Ümumdünya Mədəni və Təbii İrsin Qorunması üzrə 1972-ci il Konvensiyasına Tərəf Ölkələrin Baş Assambleyasının 25-ci sessiyası çərçivəsində UNESCO-nun Ümumdünya İrs Komitəsinin (ÜİK) 2025-2029-cu illər üzrə üzvlüyünə keçirilmiş seçkilərdə Azərbaycan Komitənin üzvü seçilib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Şərqi Avropa Qrupu üçün Komitədə ayrılmış bir vakant yerə seçilmək üçün Azərbaycanla yanaşı Ermənistan, Polşa, Çexiya və Sloveniya mübarizə aparıb.
Azərbaycanın rəqiblərinin uzun sürən təşviqat-təbliğat kompaniyası və əlaqələndirilmiş fəaliyyətlərinə rəğmən, ölkəmiz elə ilk turda inamla qələbəsini təmin edib.
Belə ki, səsvermənin ilk mərhələsində 161 səsdən Azərbaycan 92 səs, Ermənistan 21 səs, Çexiya 28 səs, Polşa 11 səs, Sloveniya isə 9 səs yığıb.
Azərbaycan ən yaxın rəqibindən, o cümlədən Ermənistandan üç dəfədən çox səs yığaraq məhz regional qrup üçün nəzərdə tutulan yer üzrə qalib olub.
Səsvermənin ilk mərhələsində rəqibimiz olmuş dörd ölkənin toplam səsi 69 səs olduğu halda, ölkəmizin 92 səs əldə etməsini dünya ictimayyətinin Azərbaycana mədəni irsin qorunması sahəsində birmənalı inam və etimadının və bu sahədə ölkəmizin əldə ehdiyi uğurların növbəti bariz nümunəsi hesab etmək olar.
Seçkilərin birinci məhələsində məğlub olmuş 11 ölkə, o cümlədən Komitədə regional yeri əldə edə bilməyən Ermənistan, Polşa və Çexiya açıq yerlər uğrunda keçirilmiş ikinci tur səsverməsində iştirak edib. Bu mərhələdə, 5 açıq yer uğrunda daha az rəqabət şəraitində keçirilmiş səsvermənin nəticəsində keçid səsi 42 olmaqla hər üç ölkə, o cümlədən əlavə olaraq Banqladeş 84 səs, Monqolustan 97 səs əldə edərək Komitəyə üzv seçilib.
Məlumat üçün bildirək ki, UNESCO-nun Ümumdünya İrs Komitəsi Ümumdünya İrs Siyahısın tərtib olunmasına və İrs Fondunun vəsaitləri üzrə sərəncam vermək səlahiyyətinə malikdir. Komitə 21 üzv ölkədən ibarətdir.










