![]()
21-22 noyabr tarixində bir qrup erməni vətəndaş cəmiyyəti təmsilçisi “Sülh körpüsü təşəbbüsü” çərçivəsində Bakıda oldu. Nümayəndə heyətinin üzvü Areq Koçinyan İrəvana qayıtdıqdan sonra jurnalistlərlə görüşdə öz təəssüratlarını bölüşüb, bəzi diqqətçəkən açıqlamalar verib.
Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşündən danışan Koçinyan rəsmi Bakının Ermənistan ictimaiyyətinə bir neçə mesajın çatdırılmasını xahiş etdiyini deyib. Sitat: “Hacıyev vurğuladı ki, Azərbaycan-Ermənistan münaqişəsi artıq Azərbaycan üçün mövcud deyil, bitib. Onlar müharibəsiz, sülh vəziyyətinə əsaslanan bir dünya qurmaq, bizimlə hərtərəfli və uzunmüddətli sülhə can atmaq istəyirlər. Digər mesaj budur ki, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur”.
Koçinyanın sözlərinə görə, Ermənistandakı bəzi siyasi dairələr “cəmiyyətdəki qəzəb, məyusluq və qorxu hissindən siyasi məqsədlər üçün sui-istifadə etməyə çalışır” və bu, “çox iyrənc haldır”. Ardınca o sərt şəkildə bildirib: “Ermənistan siyasi meydanında azərbaycanlı-erməni və türk-erməni münasibətlərinin tənzimlənməsinə qarşı çıxan hər kəs ya xarici agentdir, ya nankordur, ya da nə danışdığını başa düşməyən apolitik sarsaqdır”.
Yada salaq ki, hələ ermənilər Bakıda ikən daşnakların lideri İşxan Saqatelyan onları öz millətindən saymayaraq, “Bakı və Ankaranın agentləri” adlandırmışdı.
Bəs Ermənistan və onun əhalisi üçün müharibə nə dərəcə bitib? Saqatelyan çaplı nasist-revanşistlərin hakimiyyətə qayıdış şansı qalırmı? Rusiya onlara kömək edə bilərmi?
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi, professor Fikrət Yusifov: “Gəlin özümüzü aldatmayaq. Ermənilərlə barışmalıyıq, bunun alternativi yoxdur. Lakin onların xislətini unutmamalıyıq. Biz tarix boyu ermənilərin başımıza gətirdikləri müsibətləri unuda-unuda, hər dəfə onların növbəti təxribatlarının qurbanına çevrilmişik. Bir xalq olaraq anlamalıyıq ki, erməni toplumunun ipinin üzərinə odun yığmaq olmaz. Kimliyindən asılı olmayaraq heç bir ermənidən mələk düzəltmək lazım deyil. Xalqların xisləti genetik olaraq formalaşır, genlər isə heç vaxt dəyişmir.
İllər uzunu həm Ermənistanda, həm də Azərbaycanda qonşuluqda yaşamış ermənilərlə azərbaycanlıların dərin dostluğuna dair yüzlərlə nümunələri yada salmaq olar. Lakin Qarabağ olayları başlayanda bu “dost”ların, demək olar ki, hamısının iç üzü açıldı. Biz anladıq ki, illər uzunu dost kimi qucağımızda bəslədiyimiz bir xeyli erməni, heç demə, əfi ilan imiş. Ermənistanla əlaqələri nizama saldıqdan sonra bu münasibətlərin əbədi sağlam qalacağına güvənmək olmaz. Bəlkə də bu fikirlər erməniləri yaxından tanımayan insanlarımıza qəribə gələcək. Lakin onları yaxından tanıyanlar bu dediklərimin nə qədər böyük bir həqiqət olduğunu çox yaxşı bilirlər. Bir sözlə, dostluq deyil, ən yaxşı halda yoldaşlıq etsək və bu zaman çomağımızı yanımızda saxlasaq, bu, ən doğru seçimimiz olacaq. Çünki ermənilərin genində qonşularla sülh şəraitində, sakit yaşamaq elementləri yoxdur".
Milli Məclisin deputatı Kamran Bayramovun sözlərinə görə, Azərbaycan heç bir revanşist planın həyata keçməsinə imkan verməyəcək: “Son aylarda Cənubi Qafqazda sülh gündəminin intensivləşməsi, uzun illər davam edən qarşıdurmanın ardından regionda yeni siyasi reallıqların formalaşdığını göstərir. Tərəflər arasında ehtiyatlı da olsa, dialoqa meylin artması həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində "Proses hansı istiqamətə gedir" sualını aktuallaşdırır. Elə bu həssas məqamda 21-22 noyabr tarixində bir qrup erməni vətəndaş cəmiyyəti nümayəndələrinin “Sülh körpüsü təşəbbüsü” çərçivəsində Bakıya səfəri münasibətlərin gələcəyi baxımından xüsusi əhəmiyyət kəsb etdi".
K.Bayramov qeyd edib ki, bu görüşlər hər iki tərəfin gələcəkdəki münasibətlərinin inkişafına dair çoxsaylı suallar doğurur: “Həqiqətən də Azərbaycan üçün müharibə artıq bitmiş sayılır. Ölkə ərazi bütövlüyünü bərpa edib, suverenliyini təmin edib və diqqətini yalnız sülh və davamlı inkişaf üzərinə yönəldib. Bəs Ermənistan üçün də vəziyyət eynidirmi? Təəssüf ki, belə deyil. Ölkənin konstitusiyasında "Dağlıq Qarabağ" hələ də öz əraziləri kimi göstərilir, cəmiyyətdə revanşist hisslər və türkə qarşı nifrət qalmaqdadır. Bu isə onu göstərir ki, Ermənistan cəmiyyətində həm sülh tərəfdarları, həm də müharibə və ərazi iddialarını davam etdirən qüvvələr mövcuddur. Bu kontekstdə, hələ ermənilər Bakıda ikən, daşnakların lideri İşxan Saqatelyan onları öz millətindən saymayaraq, “Bakı və Ankaranın agentləri” adlandırmışdı. Göründüyü kimi, Ermənistanda siyasi vəziyyət hələ də gərgin və dəyişkəndir. Qonşu ölkədə radikal qüvvələrin mövcudluğu regionda sabitlik üçün potensial təhlükə olaraq qalır. Azərbaycanın hərbi qüdrəti və strateji hazırlığı, ölkənin qorxmaz və prinsipial mövqeyini möhkəmləndirir. Ölkə həm öz suverenliyini qorumaqda, həm də regionda sabitliyi təmin etməkdə qətiyyətlidir. Bu baxımdan, “Sülh istəyirsənsə, müharibəyə hazır ol” klassik və müdrik prinsipi daima ölkənin hərəkət strategiyasının mərkəzindədir. Yəni Azərbaycan dialoqa açıqdır, eyni zamanda öz ərazi bütövlüyünü qorumağa da daim hazırdır. Bu yanaşma regionda sabitliyin təmin olunması və uzunmüddətli sülh üçün Azərbaycanın prinsipial mövqeyini göstərir. Ermənistanın daxili siyasətindəki dəyişikliklər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təsir göstərə bilməz. İqtidarda kim olursa-olsun və hansı xarici qüvvələr ona dəstək verirsə-versin, Azərbaycan öz torpaqlarını və suveren hüquqlarını qorumaq əzmindədir. Milli təhlükəsizlik, sərhədlərin toxunulmazlığı və suverenliyin qorunması əsas prioritetlərdir. Azərbaycan həmişə öz haqqını qoruyacaq".
“Yeni Müsavat”










