Ali Məhkəmədə dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Fərdanə Səmədovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, F.Səmədova "Hollywood Smile Dent" klinikasının təsisçisi və direktoru Şəfayət Zülfüqarovaya “Təhsil Nazirliyinin Aparat rəhbəriyəm” deyərək aldadıb və ona qarşı dələduzluq edib.
Belə ki, 2021-ci ildə klinika lisenziyasız fəaliyyət göstərdiyinə görə, müxtəlif cərimə və tənbehlər olunub. Təqsirləndirilən şəxs isə bu kimi məsələlərdə Ş.Zülfüqarovaya yardımçı olacağı vədini verib və ondan ümumilikdə 18 min manat pul alıb. Daha sonra o, verdiyi vədə əməl etməyib.
Ş.Zülfüqarovanın şikayətindən sonra F.Səmədova barəsində dələduzluq və rüşvət verməyə təhrik etmə maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.










