
"Mən, Məhərrəmova Nuranə Nürəddin qızı, Siyəzən şəhəri 6 nömrəli məktəb liseydə ibtidai sinif müəllimi işləyirəm. Bu ərizə məktəbdə Bədii qiraət dərnəyinin bağlanması prosesində yol verilmiş ciddi hüquq pozuntuları, direktorun şəxsi qərarla hərəkət etməsi, rəsmi prosedurların qəsdən pozulması və məktəbin daxili idarəetməsinin şəffaflıqdan kənar formada aparılması barədədir" . "DİA-AZ" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin rəhbərliyinə və digər əlaqədar qurum və şəxslərə ünvanlanmış müraciətdə qeyd olunur.
Müraciətdə daha sonra deyilir: "Bildirirəm ki, dərnəyin bağlanması barədə qərar nə pedaqoji şurada müzakirə edilib, nə həmkarlar təşkilatı məsələyə cəlb olunub, nə də valideyn ictimaiyyəti məlumatlandırılıb. Məktəbin həmkarlar təşkilatının üzvü ilə danışdıqda həmin şəxs açıq şəkildə bildirib ki, ondan heç bir rəy alınmayıb, heç bir sənədə imza etdirilməyib və ümumiyyətlə dərnəyin bağlanması barədə ona heç bir məlumat verilməyib. Bu fakt təsdiq edir ki, proses tamamilə gizli aparılıb və direktor tərəfindən təkbaşına şəxsi qərar əsasında həyata keçirilib.
Mövcud qanunvericiliyə əsasən dərnəyin açılması və ya bağlanması yalnız kollegial şəkildə, yəni pedaqoji şura, həmkarlar təşkilatı və valideynlərin iştirakı ilə qərara alına bilər. Mənim dərnəyimin bağlı elan edilməsi zamanı bu qaydaların heç biri icra edilməmişdir. Heç bir rəsmi protokol, şura qərarı və ya əsaslandırıcı sənəd yoxdur. Bu isə dərnəyin bağlanmasının qanunsuz şəkildə həyata keçirildiyini açıq şəkildə göstərir.
Bundan əlavə, dərnəyin bağlanması ilə bağlı mənim izahatım alınmayıb, yazılı xəbərdarlıq verilməyib, dərnəyin fəaliyyətinə dair illik qiymətləndirmə aparılmayıb. Nə mənə, nə də valideynlərə heç bir rəsmi əsas təqdim edilməmişdir. On bir valideyn tərəfindən yazılı müraciət verilməsinə baxmayaraq direktor bu müraciəti tamamilə nəzərə almamış və onların rəyini saymamışdır.
Əlavə olaraq bildirirəm ki, dərnəyin açılmamasının səbəbi kimi direktor və onun həyat yoldaşı tərəfindən ailəmizə qarşı edilən psixoloji təzyiq də mövcuddur. Direktorun həyat yoldaşı, məktəbdə heç bir hüquqi statusa malik olmadığı halda, ailəmizə açıq şəkildə tələb qoymuş, dərnəyin açılmasını həyat yoldaşımın öz şəxsi Facebook səhifəsində etdiyi paylaşımdan imtina etməsi ilə şərtləndirmişdir. Bu qanunsuz tələbə dair səs yazısı mövcuddur və hüquq mühafizə orqanları tərəfindən araşdırılması mümkündür.
Bu davranış həm Konstitusiyada təsbit olunmuş fikir və söz azadlığının pozulmasıdır, həm müəllimin peşə fəaliyyətinə şəxsi münasibət əsasında müdaxilədir, həm də məktəbin idarəetməsinə hüquqi əsası olmayan kənar şəxsin müdaxiləsi faktıdır. Bütün bunların fonunda dərnəyin bağlanmasının həm qanuni əsası yoxdur, həm də proses tamamilə prosedurdan kənar şəraitdə, şəffaflıqdan uzaq və qərəzli şəkildə həyata keçirilmişdir.
Yuxarıda göstərilənlərə əsasən Sizdən tələb edirəm: məktəbdə dərnəyin bağlanması prosesinin necə və hansı əsasla həyata keçirilməsinin tam araşdırılması,həmkarlar təşkilatının prosesdən kənarda saxlanılmasına hüquqi qiymət verilməsini,direktorun kollegial idarəetməni pozaraq təkbaşına və qanunsuz qərar qəbul etməsi ilə bağlı xidmət araşdırması aparılmasını,prosesə hüquqi əsası olmayan şəxsin müdaxiləsi faktının araşdırılmasını,dərnəyin bağlanmasına dair bütün sənədlərin, şura qərarının, protokolların və rəsmi rəylərin təqdim edilməsini,qanunsuz qəbul edilmiş qərarın ləğv edilərək dərnəyin fəaliyyətinin bərpa edilməsini və müraciətimin tam və obyektiv araşdırılmasını, nəticələrin isə mənə yazılı şəkildə təqdim edilməsini xahiş edirəm".









