“Zəngəzur dəhlizi artıq təkcə Ankara-Bakı xəttinin layihəsi deyil, regionun yeni nəqliyyat arxitekturasının dayaqlarından biridir.
Abdulkadir Uraloğlunun 2030 hədəfi texniki baxımdan realdır:dağlıq relyef, təhlükəsizlik riskləri və maliyyə mərhələliliyi bu cür iri layihələrin uzanmasını qaçılmaz edir. Amma bu uzanma siyasi iradənin zəifləməsi yox, layihənin daha geniş geoiqtisadi sistemə inteqrasiya olunması mərhələsidir”.
Bunu “Cebheinfo.az”-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, 8 avqust razılaşmasının taleyinə Trampın 2028-də hakimiyyətdən gedib-getməməsi prizmasından baxmaq da bir az səthi yanaşmadır:
“ABŞ-də administrasiyalar dəyişir, amma dövlət maraqları dəyişmir. TRIPP və ümumilikdə Orta Dəhliz xətti artıq Ağ Evin hansı partiyanın nəzarətində olmasından asılı məsələ deyil. Demokrat da gəlsə, respublikaçı da gəlsə, bu xətt ABŞ-nin strateji planlamasında qalacaq, sadəcə ritorika dəyişə bilər, mahiyyət yox”.
Politoloq bildirib ki, işlərin intensivləşməsi Azərbaycanın məsələyə siyasi bəyanat səviyyəsində deyil, real infrastruktur mərhələsi kimi yanaşdığını göstərir:
“Horadiz-Ağbənd xəttinin artıq faktiki tamamlanması, Naxçıvan istiqamətində işlərin intensivləşməsi göstərir ki, Azərbaycan məsələni siyasi bəyanat yox, faktiki infrastruktur mərhələsinə keçirib. Bu anda prosesin qarşısını regional böyük güclərin siyasi mövqeyi yox, fors-major ləngidə bilər. Ermənistanın tərəddüdləri isə artıq layihəni dayandıran faktor deyil, sadəcə onu kənardan izləmək riski yaradır”.
Tural İsmayılov əlavə edib ki, 2030-cu ilə qədər uzanan təqvim dəhlizin tələsik deyil, uzunmüddətli geoiqtisadi strategiya kimi qurulduğunu göstərir:
“Qısa desək, Tramp gedər, başqası gələr, amma Zəngəzur dəhlizinin geosiyasi çəkisi yerində qalacaq. 8 avqust razılaşması şəxslərin yox, dövlətlərin marağı üzərində qurulub. Böyük siyasət təqvimlə yox, yollarla qazanılır.
Bu yol artıq çəkilir. 2030-a qədər uzanan təqvim həm də onu göstərir ki, layihə tələsik deyil, uzunmüddətli geoiqtisadi strategiya kimi qurulur. Bu da TRIPP-in zəifləməsi yox, əksinə, dərinləşməsi deməkdir. ABŞ üçün əsas olan xəttin işlək olmasıdır, hansı prezidentin kresloda oturması yox”.









