Türkiyədən Azərbaycana gələn hüquqşünas və Türkiyə vəkillər kollegiyasının üzvləri ilə görüş keçirilib. Belə ki, əqli mülkiyyət hüquqlarının qorunması üzrə ixtisaslaşan və bir çox görkəmli sənətkarın hüquqlarını qoruyan vəkillər Şükrü Sarıdere, Muammer Uysal, İbrahim Gögsu burada olan söz yazarları, bəstəkarlar və digər sənət sahələrindəki əsər sahibləri ilə dialoq qurublar. Tədbirdə çıxış edən bir çox bəstəkar, varis müəllif hüquqlarının pozulduğunu, bunun müqabilində heç bir qonorar qazanmadıqların bildiriblər. Tədbirdə çıxış edən “Müəllif Hüquqları Uğrunda” ictimai birliyin sədr müavini Zamiq Yunisov hüquqları pozulan müəlliflərə müraciət də ünvanlayıb.
100-dən çox məşhur mahnının söz yazarı olan Kəmalə Abiyeva Moderator.az-a açıqlamasında nəğməkar şair kimi tanınmadığını və yazdığı mahnılardan heç bir qazanc əldə etmədiyini bildirib:
“Bu tədbiri təşkil edən insanlara öz təşəkkürümü bildirirəm. Mənim bir çox mahnım nəinki ölkəmizdə, ölkəmizin hüdudlarından kənarda da ifa olunub. “Məktəb illəri”, “Neynim”, “Getməyəsən”, “Qoy başına dolanım”, “Qaragöz”, “Bu dünyanı nağıl bilək”, “Vətəni anlat”, “Zəfər odası”, “Danışma”, “Yarpaqlar titrəsə”, “Özün günahkarsan”, “Uşağlığım”, “Müəllim”, “Bakı haqqında nağıl”, “Yağış” “Lay-lay” və bir çox məşhur mahnıların söz yazarıyam. 2-3 il bundan əvvəl “Müəllif Hüquqları Uğrunda” ictimai birliyindən 53 manat qonorar almışam. Pul barədə heç kim söhbət etmir. Müğənni tanınır amma mahnının yaradıcıları-söz yazarı və bəstəkar nə tanınır, nə də pul qazanır. Bəstəkar yenə də bir az tanınır, amma söz yazarı ümumiyyətlə tanınmır”.
Kəmalə Abiyeva gələcəkdə ölkəmizə gələn hüquqşünaslarla işbirliyi edəcəyini bildirib.









