Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikin qətlini təşkil edənlərdən biri – İqnat Kuzin Moskvada məhkəmə qarşısına çıxarılaraq ömürlük həbs cəzasına məhkum edilib.
Yeniavaz.com “Kommersant”a istinadən xəbər verir ki, Qərb Dairə Hərbi Məhkəməsi onu terrorizm, terror təşkilatında iştirak və bir sıra digər ağır cinayətlərdə təqsirli bilib. Bundan əlavə, Kuzin 2 milyon rubl cərimələnib.
İstintaqın məlumatına görə, general Moskalikin öldürülməsi üçün iki dəfə cəhd edilib. İlkin partlayış cəhdi uğursuz alınıb – uzaqdan idarə olunan mexanizmin batareyası bitdiyi üçün siqnal bombaya ötürülməyib. Məhz bu nasazlıq terrorçuları plana yenidən baxmağa məcbur edib.
“Kommersant” cinayətin hazırlanmasının təfərrüatlarını da paylaşıb:
- 2024-cü ilin payızında Moskalik hədəf seçilib. O ailəsi ilə Balaşixadakı xidməti mənzildə yaşayırdı.
- 24 noyabrda Kuzin generalın maşınını izləmək üçün 60 min rubla mənzil kirayələyib.
- 2025-ci ilin yanvar–fevral aylarında qrup “təkərli bomba” hazırlanmasına qərar verib.
- 13 fevralda Kuzin partlayıcı qurğunun yerləşdirilməsi üçün “Volkswagen Golf” markalı avtomobil alıb.
- 22 fevralda avtomobili generalın giriş qapısının qarşısında saxlayıb.
- Daha sonra meşəlik ərazidə gizlədilən hissələri götürərək videomüşahidə və uzaqdan idarəetmə sistemi quraşdırıb.
- Mart ayında avtomobilə internetə qoşulan kamera və batareya sistemi yerləşdirilib, bomba isə mənzildə yığılaraq ayaqqabı qutusuna qoyulub.
- 14 aprel tarixində qurğu avtomobilin baqajına yerləşdirilib. Ekspertlər sistemin internet üzərindən radiokomanda ilə partladıldığını bildirir.
- Kuzin 19 aprelədək Rusiyanı tərk edib, lakin bombanın işə düşmədiyi bildiriləndən sonra ölkəyə qayıdıb və problemin batareya boşalması olduğunu aşkarlayıb.
- 22 apreldə cihaz yenidən quraşdırılıb və Kuzin təkrar Türkiyəyə uçub.
25 aprel 2025-ci ildə terror qruplaşmasının digər üzvü bombanı uzaqdan işə salıb. Moskalik Balaşixada, yaşadığı binanın həyətində mina partlayışı nəticəsində hadisə yerində həlak olub.
Ekspertiza nəticəsində modemin qalıqlarında Kuzinin bioloji izləri, kirayə götürdüyü mənzildə isə çoxsaylı barmaq izləri aşkarlanıb. Təhlükəsizlik kameraları onun “Volkswagen Golf”a mindiyi anları da qeydə alıb.
Dövlət ittihamçısının tələbini nəzərə alan məhkəmə İqnat Kuzinə ömürlük həbs cəzası təyin edib. O, cəzasının ilk 10 ilini ciddi rejimli həbsxanada çəkəcək.









