Dünyanın hər tərəfində milyonlarla insanın səbirsizliklə gözlədiyi, mağazaların isə aylar öncədən xüsusi kampaniyalarla hazırlaşdığı “Black Friday”, yəni "Qara Cümə" alış-veriş mövsümü artıq başlayıb. Şirkətlər ilin ən böyük endirimlərini elan edir, alıcılar isə bu günü fürsət kimi görərək mağazalara və onlayn platformalara axın edir.
Lakin parlaq reklamların, cəlbedici vitrinlərin və “möhtəşəm endirimlər” sözlərinin arxasında həm böyük imkanlar, həm də ciddi risklər dayanır. Bu gün təkcə alış-veriş bayramı deyil, eyni zamanda istehlakçıların ən çox aldandığı tarixlərdən biri kimi də tanınır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Ölkə.Az-a açıqlamasında bildirib ki, "Qara Cümə" gününün tarixi 1800-cü illərə gedir.
Onun sözlərinə görə, istehlakçıların əksəriyyəti düşünür ki, bu günü biznes qurumları öz xeyirləri üçün müəyyən ediblər və "Qara Cümə" adlandırıblar:
"Əgər şirkətlər bu endirimlərdən zərər görsələr, bunu “Qırmızı Cümə” adlandırardılar. Çünki mühasibatlıqda əksiklik olanda qırmızı rənglə qeyd edirlər. Əslində "Qara Cümə" istehlakçılar üçün “qara gün” hesab olunur və bu, bütün dünyada belədir. Bu gün reklamlar vasitəsilə istehlakçıların psixologiyasına təsir edilir və ən çox saxta, vaxtı keçmiş, sıradan çıxmış və zavod defekti olan məhsullar satışa çıxarılır. İl boyu aldadılma hallarının ən çox müşahidə edildiyi tarix də məhz "Qara Cümə" günüdür.
Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da istehlakçılar üçün "Qara Cümə" zamanı həm mənfi, həm də az da olsa müsbət məqamlar mövcuddur. Biz istehlak əsrində yaşayırıq və insanları gözü doymayan alıcıya çeviriblər. Hər kəs sonuncu qəpiyinə qədər nəsə almağa təşviq olunur. Bu psixoloji vəziyyətdə istehlakçılar daha asan aldadıla bilirlər. Ona görə də xüsusilə mürəkkəb texniki cihazlar alanda çox diqqətli olmaq lazımdır. Tələsməyin, cihazın bütün düymələrini və funksiyalarını yoxlayın. Ödədiyiniz məbləğ qarşılığında mütləq kassa qəbzi alın. Bu, çox vacibdir.
Hər hansı problem yaranarsa, mütləq 012 599 76 00 nömrəsi ilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edin ki, hüquqlarınızı qoruya biləsiniz".









