Rusiya–Ukrayna müharibəsinin mümkün nəticələri artıq təkcə Avropa üçün deyil, Cənubi Qafqaz üçün də strateji suallar doğurur. Moskva müharibədən qalib çıxar və sülh müqaviləsini üstünlük qazanaraq imzalamağa nail olarsa, Kremlin xarici siyasətdə yenidən sərt və iddialı xəttə qayıdacağı istisna edilmir.
Bu isə ilk növbədə postsovet məkanında, xüsusilə də Cənubi Qafqazda Rusiyanın itirdiyi mövqeləri bərpa etmək cəhdlərini gücləndirə bilər. Belə bir şəraitdə ən çox müzakirə olunan məsələlərdən biri də Zəngəzur dəhlizinin gələcək taleyidir.
Müharibədən güclənmiş Rusiya dəhlizlə bağlı prosesdə həlledici oyunçuya çevrilə bilərmi?Ümumiyyətlə, Moskvanın qələbəsi halında regionda qüvvələr balansı necə dəyişəcək?
Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, əgər ABŞ Gürcüstanda olduğu kimi Ukraynada da Rusiya ilə kompromisə gedərsə, Kreml öz xarici siyasət addımlarını digər coğrafiyalara da rahatlıqla sıçrada bilər:
“ABŞ-ın Rusiyanın düşməni olduğu və onu çökdürməyə çalışdığına dair fikirlər həqiqəti əks etdirmir. Vaşinqton üçün dünya siyasətində söz sahibi olmaq müəyyən mövzularda Moskva ilə anlaşmanı da tələb edir. Ukrayna müharibəsinə qədər tərəflər arasında kifayət qədər sıx münasibətlər mövcud idi. İkinci Dünya müharibəsinə baxsaq, ABŞ və SSRİ-nin ortaq hərəkət etdiyini də görürük.
Hazırda açar məsələ odur ki, müəyyən anlaşmalar tapılmalı və Ukrayna müharibəsi dayandırılmalıdır. Növbəti çağırışların Mərkəzi Asiyanın şimalı və Cənubi Qafqaz istiqamətində olması mümkündür. Yəni Ukrayna müharibəsinin dayanması bu proseslərə birbaşa təsir göstərə bilər.
Paralel olaraq Azərbaycan balanslı və praqmatik siyasətini davam etdirir. Biz hamıya hörmət edirik, lakin bu, qarşılıqlı olmalıdır. Kim bizimlə əməkdaşlıq edəcəksə, ona eyni münasibəti göstərəcəyik”.









