Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azkommunallayihə” Kommunal Layihələndirmə İnstitutu dünən daha bir tenderə yekun vurub.
Tribunainfo.az xəbər verir ki, yeni müsabiqəyə əsasən qurum 4 ədəd avtomobil alacaq.
Bununla bağlı “AZƏRMAŞ PARK” MMC ilə anlaşan nazirlik, 4 maşnın müqabilində 107 min 600 manat pul ödəyəcək.
Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azkommunallayihə” Kommunal Layihələndirmə İnstitutu son bir ildə 6 tender keçirib. Bu tenderlərdən 5-i yalnız avtomobil alınması ilə bağlı olub. Məsələn, FHN-in sözügedən institutu bu ilin sentyabrında “İdeal Motors” MMC-dan 108 min 564 manata 2 ədəd Pikap alıb.
Bundan başqa, “Azkommunallayihə” Kommunal Layihələndirmə İnstitutu may ayında da “Toyota Bakı Mərkəzi”ndən 1 ədəd “Lexus” markalı avtomobil alıb. Buna görə “Toyota Bakı”ya 185 min 300 manat ödənilib.
Qurum həmçinin ötən ilin dekabrı və bu ilin yanvar aylarında da iki tender keçirib. Həmin müqavilələrdən biri “AZƏRMAŞ PARK” MMC ilə bağlanıb və dəyəri 118 min manat olub. Bu zaman 5 avtomobil alınıb.
Digəri isə 2 ədəd avtomobilin alışı ilə bağlıdır. Bu zaman anlaşma “YENİMOTOR” MMC ilə əldə olunub. Bu iki maşına 63 min 200 manat ödənilib.









