“Sülh sazişinin Vaşinqtonda paraflanması həqiqətən tarixi bir nailiyyət idi və regiondakı mənzərəni altı ay əvvəl belə təsəvvür olunmayan şəkildə dəyişdirdi”.
Bunu APA və “Armenpress”ə birgə müsahibəsində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono deyib.
O bildirib ki, regionda yeni öhdəlik, yeni enerji, yeni ab-hava, yeni imkanlar yaranıb və bu, olduqca müsbət bir inkişafdır və hamı tərəfindən dəstəklənməsi vacib olan bir fürsətdir.
“Aİ həm Ermənistanı, həm də Azərbaycanı liderliklərinə və vizyonlu strategiyalarına görə təqdir etdi. Hansı ki, bu strategiyalar vasitəsilə kompromis və gələcəyə yönəlmiş yanaşmalar sayəsində yeni bir mühit yaradıldı. Bundan əlavə, bu münasibətlə tərəflər və ABŞ arasında bir sıra razılaşmalar və ümumi anlaşmalar əldə olundu, xüsusilə konnektivlik sahəsində, məsələn TRIPP üzrə. O vaxtdan bəri Aİ həm Ermənistan, həm də Azərbaycanla, eləcə də amerikalı tərəfdaşları ilə yaxından əlaqədə olub, yanaşmalarımızı koordinasiya etmək və tamamlayıcı elementlərə nail olmaq üçün çalışır. Biz həmçinin Mərkəzi Asiyadakı tərəfdaşlarımızla uzun müddət əməkdaşlıq və konnektivliyi artırmaq imkanlarını araşdırmışıq. Daha yaxın zamanda bu, təbii olaraq TRIPP-in açmış ola biləcəyi yeni imkanları da əhatə edib. Konnektivlik gündəliyi və Orta Dəhliz Aİ üçün əsas prioritetlərdir və aydındır ki, bunlar bölgənin kritik infrastrukturu ilə bağlı məsələlərdir. Tərəflərlə və ABŞ-la apardığımız müzakirələr nəticəsində son zamanlarda gələcək regional konnektivlik infrastrukturunun Naxçıvan seqmenti prioritet kimi seçilib. Bu, əlbəttə ki, Naxçıvanın həm cənubunda, həm də şimalında Ermənistanla əlaqələri əhatə edir və 42 km-lik TRIPP seqmentini effektiv şəkildə birləşdirmək və layihələrin bütün region üçün inklüziv olmasını təmin etmək məqsədi daşıyır. Biz hazırda mümkünlüyün öyrənilməsi üzrə tədqiqatlar aparırıq və potensial investisiya imkanlarını araşdırırıq. Həmçinin, Beynəlxalq Maliyyə İnstitutları və özəl sektoru da buraya cəlb etməyə çalışırıq”, - Avropa İttifaqının xüsusi nümayəndəsi qeyd edib.









