“Azərbaycanda kredit götürən şəxslərin məşğulluğunu itirməsi hallarından sığortalanması üzərində iş aparılır”.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") təşkilatçılığı ilə Bakıda keçirilən "Bank və sığorta sektorlarının inteqrasiyası" mövzusunda tədbirdə bildirib.
O qeyd edib ki, borcalanların həyatının, ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası tətbiq olunur:
“AMB bununla əlaqədar qaydalar qəbul edib və bu sığorta məhsulu uğurla tətbiq edilməkdədir. Eyni zamanda, kredit götürən şəxslər işsiz qalmaqdan sığortalanması üzərində iş gedir.
Bu məhsulun parametrləri müəyyən edilir, qaydalar hazırlanır. Yəqin ki, yaxın aylarda bu məhsulla bağlı yenilikləri görə biləcəyik. Bu proses biznes kreditlərinin əhatə olunması üzrə davam edəcək" .
Bəs yenliklər bankların şərtlərini sərtləşdirə bilərmi?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-hüquqşünas Əkrəm Həsənov bildirib ki, kredit götürən şəxslər işsiz qalmaqdan sığortalanması zamanı şərtlər sərtləşdirilə bilər:
“Bu sığorta məhsulunun qaydalarını və parametrlərini tam görmədən fikir bildirmək çətindir. Ölüm və ya əlillik (iş qabiliyyətini itirmə) hallarının sığortalanması nisbətən sadədir, çünki bu vəziyyətlər birbaşa kredit borcunun qaytarılması ilə bağlıdır.
Məsələn, ipoteka krediti götürən şəxs vəfat edərsə və ya əlil vəziyyətə düşərsə, borc sığorta şirkəti tərəfindən ödənilir. Beləliklə, həm bank, həm də kredit götürən şəxs riskdən qorunmuş olur”.
Onun sözlərinə görə, işin itirilməsi məsələsi daha mürəkkəbdir, çünki bunun sui-istifadə olunma ehtimalı var:
“Yəni insan özünü bilərəkdən öldürməyəcək və ya əlil vəziyyətinə salmayacaq ki, kreditini sığorta şirkəti ödəsin. Belə hal olsa belə, bu, geniş yayılmayan sığorta məhsulu olacaq, çünki kredit götürən insan niyə özünü belə riskə atsın ?
Bununla belə, işdən çıxarılma halları mümkündür, hətta ola bilər ki, kimsə müvəqqəti işə düzələr, kredit götürər və sonra işdən çıxarı, yəni işsizlik halı yaranar. Bu məsələlər bir qədər çətindir”.
Ekspert qeyd edib ki, bu, geniş yayılmayacaq və sərt tələblər olacaq:
“Məsələn, həmin şəxs işlədiyi yerdə müəyyən müddət azı 3 il, bəlkə də daha çox çalışmalıdır. Hələlik qaydaların necə olacağı məlum deyil, amma tələblər olacaq. Həmçinin işdən çıxarılma səbəbi də vacib məsələdir. Yəni burada çoxlu məhdudiyyətlər olacaq.
Nəzərə almaq lazımdır ki, bu, yalnız vətəndaşın xeyrinə deyil, burada bank və ya kredit təşkilatının da marağı var ki, vətəndaş onun borcunu qaytarsın. İndi isə sığortanı sığorta şirkəti qaytaracaq.
Sığorta şirkəti də öz maraqlarını qoruyacaq. Buna görə hesab etmirəm ki, ilk illərdə bu, geniş yayılacaq. Amma təbii ki, maliyyə sisteminin sabitliyinə və sağlamlığına xidmət edəcək”.









