"Milli Onkologiya Mərkəzində korrupsiya metastaz verib. Yoxsa insan adlanan varlıqlar necə bu dərəcədə rəhmsiz ola bilər?.." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində jurnalist Aytən Məmmədova qeyd edib.
O daha sonra başına gələnləri belə nəql edir: "Cəmi 25 yaşı olan xalamqızı ağır formada onkoloji xəstəlikdən əziyyət çəkir. O qədər kasıbdılar, biopsiyanın nəticəsi məlum olanda, nəqliyyat puluna görə dərhal Bakıya gələ bilmədi. Nəticəni görəndən sonra həkim soruşur ki, niyə bu qədər gecikdirmisən, vaxtında müayinə olunmamısan? Yazıq qarın dolusu yemək tapa bilmirdi, həkimə getməyə hardan pul tapaydı...
Milli Onkologiya Mərkəzində analizlər 250 manat, digər müayinələr üçün biri 120 manat istəyir, o biri 90 manat, başqa biri 130 manat... Müayinələrdən sonra özü rayona qayıtdı, KT-nin (kompüter tomoqrafiya) cavabını gözləyə bilmədi. Ertəsi günü mən getdim ki, götürüm.
Tibb bacısı deyir ki, ödəniş olunmayıb, 92 manat verilməlidir. Deyirəm, qəbz ver, ödəyim. Cavab verir ki, bizdə qəbz verilmir, mənə ödəməlisiniz. Deyirəm, ay xanım, bazar deyil, siz də pomidor, kartof satmırsınız, sizə niyə verməliyəm? Deyin yerini, gedim orada ödəyim. Cavab verir ki, bizdə belədir. Deyirəm, keçən ildən onkoloji xəstələr üçün ilkin müayinə, diaqnostika icbari tibbi sığortaya daxil edilib. O biri tərəfdən həkim mədəni şəkildə qayıtdı ki, bizə aidiyyəti yoxdur, "Semaşko"-filan kimi xəstəxanalara aiddir. Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?
Axırda dedim ki, nəticə əlinizin altındadır, 25 yaşında gənc adamın vəziyyətini görürsünüz. İnsan qarın dolusu yemək tapıb yeyə bilməyib, indi də bu vəziyyətdə, siz hələ də ondan pul umursunuz, necə insanlarsınız?
Bundan sonra məni çölə çıxardılar. Beş dəqiqə sonra KT-nin nəticəsini gətirib, it qabağına atan kimi verdilər əlimə...
Amma müayinı diskini vermədilər. Dedilər ki, guya diski özüm alıb gətirsəm, o zaman köçürərlər. Kim ki pul verirdi, ona disklə birlikdə verirdilər. Gedib disk alıb gətirdim, bir saat yenə gözlətdilər, sonra diskə köçürüb verdilər.
Uzun oldu, amma Milli Onkologiya Mərkəzində insanlığın səviyyəsini göstərmək istədim..."