“ABŞ prezidenti Donald Tramp Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sülh sazişi ərəfəsindədir. Bu, diqqətəlayiq nailiyyət olardı, yəni o, həm regional, həm də beynəlxalq sülhə kömək edəcək, sabitliyə doğru daha bir addım olacaq, habelə münaqişəyə cəlb olunan ölkələrin sərhədindən xeyli kənara çıxan iqtisadi səmərə gətirəcək”.
Reytinq.az “The Wall Street Journal”-a istinadla xəbər verir ki, bunu senator Stiv Daines “Ermənistan və Azərbaycan üçün sülh sazişi” başlıqlı məqaləsində Paşinyan-Əliyev danışıqları haqqında yazıb.
Senator qeyd edib ki, əvvəllər Sovet İttifaqının bir hissəsi olan Ermənistan və Azərbaycan 1980-ci illərin sonlarından bəri vaxtaşırı genişmiqyaslı zorakılıqların baş verməsi ilə aşağı intensivlikli münaqişədə qalıblar: “Bir çox sülh səyləri kövrək və ya uzaqgörən olmuşdur. Əvvəlki administrasiyalar bölgəyə və ya sülh danışıqlarına layiq olduqları prioriteti vermədilər.
Tramp administrasiyası prezidentin “güc vasitəsilə sülh” modelini praqmatik, yaradıcı diplomatiya və hər iki tərəf üçün daha parlaq gələcək vədi ilə birləşdirərək irəliləyiş əldə edib.
Bu il mən, cənab Trampın komandasının üzvləri ilə hər iki ölkəyə səfər etdim. Biz regionun iqtisadi potensialını araşdırdıq və sülh danışıqlarında bəzi ən çətin məsələlərin müzakirəsinə şərait yaratdıq”.
Stiv Daines xatırladıb ki, həm Azərbaycan prezidenti İlham Əliyevlə, həm də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb və praktiki həll yollarını müzakirə edblər:
“Hər iki lider hazırkı anın əhəmiyyətini və qarşıda duran mühüm imkanları dərk edirlər.
Çox uzun müddətdir ki, Rusiya bu mövqedən münaqişəni qızışdırmaq və cənub qonşularını zəif və təcrid olunmuş vəziyyətdə saxlamaq üçün istifadə edərək regional broker rolunu oynayır. İndi Ermənistan və Azərbaycan Rusiyanın dominantlığının boyunduruğundan atılır və ABŞ-nın prioritetlərinə uyğun gələcək müstəqil baxışlara üz tuturlar.
Bölgə öz gələcəyini formalaşdıracaq və onun əsasını ABŞ ilə təkcə Cənubi Qafqazda deyil, həm də ondan uzaqlarda çiçəklənmənin əsasını qoya biləcək tərəfdaşlıq təşkil edir.
Orta Dəhlizin coğrafi mövqeyi ona unikal strateji və iqtisadi əhəmiyyət verir. ABŞ-nın düşmənləri olan İran və Rusiya arasında yerləşən bu ərazi Mərkəzi Asiyadan ticarətin maneəsiz olaraq Qərbə keçə biləcəyi yeganə torpaq zolağıdır. Mərkəzi Asiyanın beş ölkəsi olan Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan əhəmiyyətli neft, təbii qaz, kömür, uran və digər əsas ehtiyatlara malikdir.
Bunlara Ermənistan və Azərbaycanın mis, qızıl, xromit, manqan, gümüş, sink və digər kritik minerallar və nadir torpaq elementləri yataqları əlavə olunur. Münaqişə olmadığı halda, Trans-Anadolu Boru Kəməri qitəni Rusiya tədarükündən asılılıqdan azad edərək, regionun enerjisinin daha çox hissəsini Avropaya çatdırmaq üçün öz gücünü artırar. Cənubi Qafqazın mineral ehtiyatları isə ABŞ-nın Çindən asılılığını azalda bilər.
Sülh sazişi həm Ermənistana, həm də Azərbaycana iqtisadi və milli fayda gətirəcək. Birgə investisiyalar iş yerləri yaradacaq və maliyyə sabitliyini təmin edəcək.
Tramp administrasiyasının qətiyyəti bu iki xalq üçün tarixi bir fürsət yaratmağa kömək etdi. Qarşıdan gələn bu razılaşma geosiyasət kursunu elə dəyişəcək ki, təkcə Cənubi Qafqaz və Mərkəzi Asiya deyil, həm də gələcək onilliklər üçün ABŞ və müttəfiqlərimizin xeyrinə olacaq.
Regionda və dünyada sülh və sabitlik naminə Ermənistan və Azərbaycan liderləri dərhal bu sazişi bağlamalıdırlar”.