“Mən belə aparıcıların efirdə olmasının əleyhinəyəm”
Bunu Yenicag.az-a açıqlamasında Xalq artisti, tanınmış diktor Ofeliya Sənani 1 avqust Azərbaycan Dili və Əlifbası Günü ilə bağlı fikirlərini bölüşərkən deyib.
“Bəzən verilişlərə baxıram, əsəbiləşirəm. Aparıcı rus dilində söz işlədir, ya da ümumiyyətlə rusdillidir və fikirlərini düzgün çatdıra bilmir. Mən belə aparıcıların efirdə olmasının əleyhinəyəm”, – deyə Ofeliya Sənani bildirib.
O, aparıcıların çoxlu mütaliə etməsinin, diksiyasının üzərində işləməsinin və geniş söz ehtiyatına malik olmasının vacibliyini vurğulayıb:
“Azərbaycan dili o qədər zəngin dildir ki, bunu hər kəs bilir. Dilimizi bəsitləşdirmək olmaz.”
Ofeliya Sənani həmçinin çalışdığı dövrlərdə efirdə ciddi nəzarətin olduğunu, rus sözlərindən istifadəyə görə dərhal töhmət və xəbərdarlıq verildiyini xatırladıb:
“Bizim dövrümüzdə efirdə rus kəlməsi işlətmək olmazdı. Cəza verilirdi. İndi isə nəzarət yoxdur.”