“Rusiya Ermənistanın Gümrüdəki 102-ci hərbi bazasını gücləndirir. Bu, Cənubi Qafqazdakı geosiyasi gərginliklə, o cümlədən Ermənistanın Qərbyönümlü siyasi kursu və Azərbaycanın Rusiyada antiRusiya xarakterli görünən davranışları ilə təbii ki, əlaqədardır. Lakin bu daha çox ABŞ-ın Zəngəzur dəhlizinə nəzarəti ilə bağlı iddianın ortaya çıxmasından sonra ictimailəşən məsələdir. Başqa ifadə ilə dəhlizin təhlükəsizliyinin təmini məqsədilə 1000 nəfər Amerikan hərbçisinin regiona gətirilməsinə əks reaksiyadır. Nəzərə alaq ki, ABŞ-ın İraqdan sonra dünyada ən böyük səfirliyi (3 min nəfərlik heyətlə) Ermənistandadır. Təsadüf deyil ki, Rusiya XİN sözçüsü Zaxarova bu gün açıqlamasında “NATO yavaş-yavaş Cənubi Qafqaza sızmaqdadır. Bu sızma region ölkələrinin Rusiya ilə geosiyasi qarşıdurmasını təşviq etməyə hesablanıb” deyə bəyan etdi”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, Rusiya NATO-nun genişləməsini (o cümlədən “sızmasını”) daima öz mövcudluğuna və milli maraqlarına bir nömrəli təhdid olaraq görüb: “Məhz bu fonda 2008-ci il Gürcüstan müharibəsini, Ukrayna ilə 2022-ci ildən bəri davam edən müharibəni qeyd edə bilərik. Nəzərə alsaq ki, Gürcüstan hazırda Rusiya ilə Qərb arasında balansı qorumağın yeni yollarını “kəşf etməkdədir”, region üçün ən faydalı geosiyasi vəziyyət də məhz bu formatda mümkündür”.
“Elə buna görə Nikol Paşinyan bu günlərdə Altayda görüşdə idi. Odur ki, seçkiqabağı dönəmdə (nəzərə alsaq ki, 2026-cı ilin iyulunda Ermənistanda hakimiyyət ciddi seçki sınağı ilə üz-üzə qalacaq) Paşinyanın vəziyyəti öz əleyhinə hərbi eskalasiya etdirəcəyi təxmin edilə bilməz. Azərbaycana gəlincə, biz daima öz milli maraqlarımız konteksində regional məsələlərə yanaşmaqla yanaşı, qonşuların maraqlarını da nəzərə almışıq. Necə ki, İranla 2021-2023-cü illərdə mövcud gərginlik hər iki ölkənin maraqlarına uyğun şəkildə həll olundu, səfirliyimizə terror hücumu edən şəxs edam olundu, İran Prezidenti Xankəndidə “öz vətəninizdəsiniz” ritorikası ilə qardaşcasına qarşılandı, eləcə də Rusiyanın AZAL təyyarəsini vurmasına görə məsuliyyəti üstlənəcəyini, Ukrayna PUA-sını hədəf alarkən yanlışlıqla - yaxud bilərəkdən təyyarəmizi vuran şəxslərin cəzalandırılacağı, müvafiq olaraq iki ölkə arasında münasibətlərin əvvəlki səviyyəsinə geri qaytarılması istiqamətində addımların atılacağına ümid edirik”-deyə politoloq qeyd edib.