Azərbaycanda dini məzhəblər həyat və milli həmrəylik mövzuları son vaxtlar daha çox danışılır.
Fərqli dini baxışların cəmiyyətdə rolu, məzhəbçilik, dinin ictimai-siyasi həyatda çəkdiyi yer və bu məsələlərlə bağlı yaranan problemlər müxtəlif cür dəyərləndirilir.
Bu şəraitdə dinin necə idarə olunması, mövcud vəziyyətin gələcəyə necə təsir göstərəcəyi barədə də fikir mübadiləsi gedir.
Bəs, dini müxtəliflik və idarəetmə baxımından ölkəmiz üçün ən uyğun yol hansıdır?
Gununsesi.info–ya danışan dinşünas Tural İrfan məsələni belə şərh edib:
“Uzun illərdir ki, ölkəmizdə milli din modeli formalaşdırılması zərurəti vurğulanır. Burada əsas məqam odur ki, din dövlətdən ayrı saxlanılır və dövlət dini məsələlərə müdaxilə etmir. Amma eyni zamanda, əhalinin dini mövzudakı istiqamətinin dövlətin arzu etdiyi formada inkişaf etməsi üçün şərait yaradılmalıdır. Yəni, vahid, milli din modelinin formalaşması vacibdir.
Hazırda insanlar dini məsələlərdə çaşqınlıq içindədirlər. Xarici ölkələrin din modelləri ölkəmizə gətirilir və müxtəlif məzhəblər arasında toqquşmalar baş verir. Bu, həm din xadimləri arasında, həm də cəmiyyətdə qütbləşməyə səbəb olur. Məscidlərdə müəyyən şəxslər təyinat alaraq bu qütbləşməni davam etdirirlər. Bu rəqabət mətbuat, media və sosial şəbəkələr vasitəsilə də genişlənir və xalq arasında çaşqınlıq yaranır.
Bizim millətimizin genetik xüsusiyyətlərinə uyğun olaraq, vəhdət və tolerantlıq önəmli dəyərlərdir. Amma bu gün bəzən qardaşlar arasında belə məzhəb fərqləri səbəbindən ünsiyyət kəsilir. Bu, ciddi sosial problemlərə yol açır.
Sovet dönəmindən sonra müstəqil olan digər müsəlman ölkələrində əhali adətən bir din və ya məzhəb ətrafında birləşib. Məsələn, Gürcüstan, Ermənistan, Orta Asiya ölkələri əsasən vahid cərəyanı qəbul edib. Azərbaycanda isə sünni və şiə məzhəbləri arasında təxminən bərabər bölünmə mövcuddur. Bu isə gələcək üçün narahatlıq doğurur.
Digər müsəlman ölkələrində, məsələn Livan, Suriyada məhzəb fərqləri və qütbləşmə vətəndaş müharibələrinə səbəb olub. Bu da göstərir ki, məzhəbçilik və tolerantlığın pozulması ciddi fəsadlar yaradır”.
Tural İrfan hesab edir ki, Azərbaycanda vahid din modeli hazırlanmalı, din xadimləri, alimlər və mütəxəssislərin iştirakı ilə bu model inkişaf etdirilməlidir:
“Bu, dövlətin qanunlarına uyğun olaraq insanların maarifləndirilməsi və dini məsələlərdə birliyinin təmin olunması deməkdir.
Hazırda Qafqaz Müsəlmanlar İdarəsinin fəaliyyəti qənaətbəxş deyil. Xaricdə təhsil almış bəzi din xadimləri ölkəyə gətirilir və bu, qütbləşməni gücləndirir. İdarədə islahatlar aparılmalı, dövlət qanunlarına və milli maraqlara uyğun addımlar atılmalıdır.
Dövlət Komitəsinin fəaliyyəti müsbət qiymətləndirilsə də, dini qurumların fəaliyyətində ciddi problemlər qalır. İdarə dini maarifləndirmə işini effektiv həyata keçirmir, buna görə də insanlar xaricdəki dini liderlərin təsirinə məruz qalırlar.
Əhalinin dini sahədə maarifləndirilməsi üçün sağlam təbliğat aparılmalı, məzhəbçilik tamamilə aradan qaldırılmalıdır. Məzhəbçilik həm milli həmrəyliyimizə, həm də dövlətçiliyimizə zərər verir.
Tarixi faktlar da göstərir ki, məzhəbçilik xalqımıza və dövlətimizə ziyan vurub. Bu səbəbdən səfəvi-Osmanlı məzhəb ayrı-seçkiliyindən əl çəkilməlidir. Məzhəbçilik və təfriqə dövlət tərəfindən qarşısı alınmalı, məzhəbçi din xadimləri təyin olunmamalıdır”.
Tural İrfan onu da vurğulayıb ki, İslam dini üzrə təyinat alanlar məscidlərdə məzhəb təbliğatı aparmamalıdırlar. Xaricdəki dini liderlərin fətvalarını təbliğ etmək də qanunlara ziddir.
“Vahid İslam modeli formalaşdırılmalı, onun sərhədləri qanunla müəyyən edilməlidir. Milli və dini ayrı-seçkilik qadağan olunmalıdır, lakin hazırda din xadimlərinin əksəriyyəti məhz məzhəbçilik edərək xalqın birliyinə zərər verirlər.
Bu problemlərin qarşısı alınmalı, din xadimlərinin fəaliyyəti vahid istiqamətə yönəlməlidir. İslam dini adı altında radikal, ziyanlı və xurafatçı cərəyanlar ölkəmizə gətirilməməlidir.
İndiki müsbət tolerantlıq şəraitinə baxmayaraq, hələ çox iş görülməlidir. Xarici təsirlər, siyasi maraqlar, hətta din xadimlərinə qarşı ölüm təhdidləri belə mövcuddur. Bu, gələcəkdə böyük problemlərə yol açmamaq üçün indidən tədbirlər görülməsini tələb edir”-deyə T.İrfan fikirlərini yekunlaşdırıb.