"İcbari sığorta ilə müayinə olunan vətəndaşlara qəti şəkildə Appro Hospitalı seçməməyi tövsiyə edirəm..." "DİA-AZ" xəbər verir ki, bu barədə Mədinə Paşayeva adlı istifadəçi özünün sosial şəbəkə hesabında yazıb.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Dekabr ayının 4-də fetal MRT müayinəsi üçün müraciət etdim. Hamiləliyimin son ayları olduğu üçün bu müayinə mənim üçün həm fiziki, həm də emosional olaraq çox çətin idi. Üstəlik, evdə sağlamlıq problemi olan övladım olduğuna görə bu müayinənin nəticəsi mənim üçün xüsusilə vacib idi.
Durumu qeydiyyatçıya və texniki işçiyə izah etməyimə baxmayaraq, radioloq həkimin klinikada olmadığını dedilər. Ertəsi gün nəticələrə baxanda gördüm ki, müayinə tam icra olunmayıb.
Onlarla telefon və mail vasitəsi ilə dəfələrlə əlaqə saxlayıb şikayətimi bildirdim, lakin heç bir formada geri dönüş etmədilər. Minimum bir cavab belə verilmədi. Mən bu müayinəyə görə 20% ödəniş də etmişdim və nəticədən tamamilə narazı qaldım.
Hospital yeni ola bilər, həkimləri haqqında pis söz demirəm, amma işçilərin davranışı və peşəkarlığı çox aşağı səviyyədədir. Bu səbəbdən ora getməyi heç kimə məsləhət bilmirəm.











