Özünü buraxan qondarma “Dağlıq Qarabağ Respublikası”nın İrəvandakı “nümayəndəliyi” ilin sonuna kimi bağlana və ya dünən aparılan axtarışlardan sonra müsadirə oluna bilər.
Caliber.az Ermənistanın “Jovoxurd" nəşrinə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, separatçıların özləri də “nümayəndəliy”in bağlanmasını, həmçinin, mümkün həbsləri istisna etmirlər. Onlar əmindirlər ki, güc strukturlarının əsas hədəfi Qarabağ separatçılarının sonuncu başçısı olmuş Samvel Şahramanyandır.
Qeyd edək ki, ötən gün Ermənistan İstintaq Komitəsi özünü buraxan qondarma “Dağlıq Qarabağ Respublikası”nın İrəvandakı “nümayənədliyində” axtarış aparb.
11 dekabrda aparılan axtarışlardan sonra Qarabağ separatçılarının İrəvandakı ofisi ilin sonuna qədər bağlana və ya binası müsadirə edilə bilər.
Samvel Şahramanyanı hansı aqibət gözləyir? O da Bakıda “çay içə” bilərmi?
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Musavat.com-a bildirib ki, Samvel Şahramanyan və onun dəstəsinin 2023-cü ilin sentyabrında separatçı rejimi buraxıb Ermənistana getmələrindən sonra orada özlərinə yuva tapıb yenidən “fəaliyyətə” başlaması onların saxtakar və qeyri-ciddi şəxslər olduğunu ortaya qoydu: “Paşinyan onlara İrəvanda “nümayəndəlik” adı altında yuva qurmasına əvvəldən imkan verməməli idi. Daxili ictimai rəyi nəzərə alaraq onlara bu imkan yaradıldı. Eyni zamanda Ermənistan hakimiyyəti bu məsələdən də manipuliyativ məqsədləri üçün istifadə etmək yolunu tutdu. Lakin zaman göstərdi ki, həmin cinayətkar dəstə Ermənistanın özü üçün, daxili sabitlik üçün bir təhlükədir. Şahramanyan quldur dəstəsinin bir qisminin Qarabağda qandallanaraq həbs edilib Bakıya gətirilməsindən və mühakimə edilməsindən nəticə çıxarmalı idi. Ancaq nəticə çıxarmadı. Şahramanyanın qondarma “nümayəndəlik ofisində” istintaq Komitəsinin indi araşdırma aparması isə qarşıdakı parlament seçkiləri ilə bağlıdır. Paşinyan özünə təhlükə hesab etdiyi bütün qüvvələri zərərsizləşdirir. Seçkiöncəsi Şahramanyanın və dəstəsinin fəaliyyətini məhdudlaşdırmaq tədbirləri görülür. Ancaq Şahramanyan müvəqqqəti müddət üçün həbs olunsa belə, onun Bakıya verilməsini inandırıcı görmürəm. Azərbaycanda Samvel Şahramanyan barəsində cinayət işi açılıb. Bir gün həmin cinayət işinə görə aparılan istintaqın tərkib hissəsi olaraq Bakıda onun da məhkəməsi olacaq və keçmiş quldur yoldaşları kimi Bakıda mühakimə olunacaq”.
Onu da bildirək ki, keçmiş işğalçı xuntanın qalıqları 10 dekabr 1991-ci ildə yalnız erməni icmasının üzvləri arasında keçirilən saxta “referendum”un növbəti ildönümünü qeyd ediblər. “Parlament spikeri” Aşot Danielyan, “dövlət naziri” Njde İsgəndəryan və digərlərinin də daxil olduğu bütöv bir nümayəndə heyətinin başçılığı ilə son “artsax prezidenti” Samvel Şahramanyan İrəvanda Yerablur hərbi panteonunu ziyarət edib, “müstəqillik” oyunları oynayıb və “torpaqların işğalı” səbəbindən həyatını itirənlərin məzarlarına gül dəstələri qoyublar.
Son dövrlər Şahramanyanın yenidən meydana çıxması hansı məqsədlərə xidmət edir?
Hüquqşünas hesab edir ki, Şahramanyan və dəstəsinin yenidən ortaya çıxması Robert Köçəryanın başçılıq etdiyi “Qarabağ klanı”nın göstərişi ilə ola bilər:
“Köçəryan və onun klanının Nikol Paşinyana qarşı olan xarici qüvvələrlə, o cümlədən Rusiyadakı dairələrlə işbirliyində olduğu məlumdur. Gələn ilin iyununda Ermənistanda keçiriləcək seçkilərə bu qüvvələr, əsasən də Köçəryan başda olmaqla sözügedən cinayətkar klan bütün istiqamətlərdə hazırlıq görürlər. Samvel Şahramanyan həm bu klanla, həm Daşnaqsütyun Partiyası ilə iş birliyindədir. Şahramanyan həm bu iş birliyindən irəli gələn sifarişlərlə hərəkət edir, həm də artıq uzun müddətdir dəfn edilmiş qondarma “rejimin” guya mövcud olduğunu göstərməyə çalışır. Məqsəd qondarma “artsax” mövzusundan Paşinyana təzyiq üçün istifadə etmək və erməni diasporundan, müəyyən xarici fondlardan pul qoparmaqdır”.
Musavat.com











