
Arkoz Holdinqə məxsus Kəngərli rayon Qarabağlar kəndindəki daş karxanaları kəndin otlaq sahələrini məhv edib. Sakinlərin “Gündəlik Naxçıvan”a bildirdiklərinə görə, bu səbbədən onlar bir neçə ildir ki, heyvandarlıqla məşğul ola bilmirlər.
Onlar şirkəti məsuliyyətsizlikdə ittiham edirlər:
“Otlaq sahələrimizi bərbad günə qoyublar. Bu kənd karyerlər açılana kimi heyvandarlıqla dolanıb. Şirkət gələndən otlaqlarımız əlimizdən alındığından, heyvan saxlaya bilmirik. Çünki, otarmağa yerimiz yoxdur. Əvvəldən otlaq olan dağlarımızda daş çıxarmağa başlayıblar. Biz buna qarşı deyilik.
Lakin, bir yerin daşını çıxarıb, bərbad günə qoyub, başqa yerə keçirlər. Qazıb, bitirdikləri yerin üstünü torpaqla bastırsalar, otlaq sahəsi bərpa olunar. Pul qazanırlarsa, bir az da xərc çəkib, bunu etməlidilər. Elə yer var ki, 5-6 ildir daşını çıxarıblar, elə də xaraba qoyub, çıxıb gediblər. Bizi nəzərə alan yoxdur, təki özləri pul qazansın”.
Sakinlər deyirlər ki, problemlə bağlı yerli Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə, digər müvafiq qurumlara müraciət etsələr də nəticəsi olmayıb:
“Şirkətin sabihi Emin Uçardan hamı çəkinir. Çünki, onun yuxarıda adamları var, onların da haqqını çatdırır. Otlaqları bərbad günə qoymaqla ekologiyanı korlayırlar. Bir kasıb yüngülvar səhvlik edən kimi nazirlik gəlib boğazına keçir ki, cərimə ver. Bunlar bu böyüklükdə kəndi dağıdır, söz deyən yoxdur.”
Sakinlər aidiyyəti qurumlara müraciət edərək, kəndin ekologiyasının bərpa olunmasını tələb edirlər.











