Suraxanı Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Tapdıq Əsədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilib, barəsində olan cinayət təqibinə xitam verilib.
İttihama görə, hadisə 23 oktyabr 2025-ci il tarixdə, saat 00:30 radələrində paytaxtın Suraxanı rayonu ərazisində baş verib.
Belə ki, Tapdıq Əsədov həmin vaxt yaşadıqları evdə qızı, zərərçəkmiş Günay Əsədovanın (adı, soyadı şərtidir) gecə saatlarında işdən qayıtmasına etiraz edib. Qızı isə ona cavab qaytararaq sərbəst yaşamaq istədiyini bildirib. Bu, tərəflər arasında gərgin mübahisəyə səbəb olub.
Mübahisənin gedişində ata əsəbiləşərək qəsdən əlilə qızının baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə endirib. Zərbələr nəticəsində Günayın sol bazu nahiyəsində hematoma, sağ said və sağ əl nahiyələrində qançırlar əmələ gəlib və yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.
Hadisədən sonra Tapdıq Əsədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.











