
Hələ keçən ay yayılan məlumatlardan aydın oldu ki, Hesablama Palatasının Mədəniyyət Nazirliyində apardığı yoxlamalar zamanı çoxsaylı maliyyə pozuntuları aşkarlanıb.
Məlumata görə, yoxlamalar zamanı 8 milyon manata yaxın büdcə vəsaitinin müxtəlif MMC-lər vasitəsilə silindiyi məlum olub.
Bildirilir ki, ölkənin siyasi rəhbərliyinin qərarına uyğun olaraq, bu faktlar Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndəriləcək. Bu isə nazir Adil Kərimlinin “vurulması” deməkdir. Çünki, söhbət bir neçə yüz min manatın yox, 8 milyona yaxın vəsaitin talan olunmasından gedir.
"DİA-AZ" xəbər verir ki, həmin ərəfədə yayılan məlumatlardan o da aydın oldu ki, nazir Adil Kərimli məsuliyyətdən qurtulmaq üçün komandasından bir neçə nəfəri qurban verməyə hazırlaşır.
Qeyd edək ki, hazırda Mədəniyyət Nazirliyi bir neçə qalmaqallı olaylarla gündəmi məşğul etməkdədir. "DİA-AZ"ın məlumatına görə, bu da birmənalı qarşılanmır.
Mövcud durumu şərh edən tanınmış jurnalist Həbibə Abdulla məsələyə belə münasibət bildirib: "Mədəniyyət Nazirliyi bütün "ağır artilleriya"nı verib qabağa, 8 milyon məsələsini unutdurmağa çalışır. Tutaq ki, biz unutduq, Hesablama Palatası, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, Dövlət Təhlükəsizlik Xidməti də unudacaqmı? İnanmıram! Axı cənab Prezident 3-4 gün əvvəl dedi: "Qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər!".."









