TƏBİB-in tabeliyində olan İnnovasiya və Təchizat Mərkəzi daha bir milyonluq tenderə yekun vurub.
Tribunainfo.az xəbər verir ki, mərkəz bu dəfə imtiyazlı əhali qrupuna aid olan xəstələrin təminatı məqsədilə dərman vasitələrini satın alacaq.
Məlumatda deyilir ki, tenderin qalibi “ZEYTUN PHARMACEUTİCALS” MMC-dir. Tərəflər arasında bağlanan müqavilənin dəyəri isə 13 milyon 61 min 474 manat təşkil edib.
Tribunainfo.az açıq mənbələr üzərindən apardığı araşdırma zamanı dəqiqləşdirib ki, İnnovasiya və Təchizat Mərkəzi 2025-ci il ərazində toplam 58 tender keçirib. Dəyəri 100 milyon manatdan çox olan bu tenderlərin 16-sı məhz “ZEYTUN PHARMACEUTİCALS” tərəfindən udulub. Bu isə ümumi tenderlərin təxminən 1/3 hissəsi deməkdir.
Onu da bildirək ki, həmin tenderlərin ümumi dəyəri 49 milyon 185 min 748 manat təşkil edib.
Tribunainfo.az araşdırma zamanı onu da müəyyən edib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Zeytun Pharmaceuticals” MMC 9 oktyabr 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 21C-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.
Bildirək ki, Bəhruz Şirəliyev vaxtilə “Rəvan” futbol klubunun vitse-prezidenti vəzifəsində çalışıb.
Onu da qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC “Farum Qafur” MMC ilə eyni hüquqi ünvanda qeydiyyatdadır. “Farum Qafur” MMC artıq ləğv edilib. Bu şirkətin qanuni təmsilçisi Tağıyev Zamir Elşad oğlu olub.
Mediada geən məlumatlara görə, Zamir Tağıyevin qanuni təmsilçisi olduğu başqa şirkətlər də var. Onlardan biri də “Azmedkom” MMC-dir. Artıq ləğv olunan bu şirkətin təsisçisi isə keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin oğlu Kazım Şirəliyev olub.
Bundan başqa məlumatlarda qeyd edilir ki, “Zeytun Pharmaceuticals” MMC-nin keçmiş hüquqi ünvanı Səbail rayonu, Niyazi küçəsi ev 5, mənzil 15-də yerləşib. Bu ünvan Səhiyyə Nazirliyinin “Dərmanların Analtik Ekspertizasi Mərkəzi” MMC-nin keçmiş direktoru Əbülfəz Abdullazadənin qeydiyyatda olduğu mənzildir. Müəssisə yaradılanda Əbülfəz Abdullazadə “Dərmanların Analtik Ekspertizasi Mərkəzi”nin direktoru vəzifəsində işləyib. Dərman preparatlarının lisenziyası ilə məşğul olan bir qurumun rəhbərinin ünvanında dərman şirkəti qeydiyyatdan keçib.
Onu da xatırladaq ki, İnnovasiya və Təchizat Mərkəzinin direktoru Nurlan Quliyevdir.








