Naxçıvan Muxtar Respublikasında yetkinlik yaşına çatmamış övladına avtomobil sürməyə icazə verən və digər xuliqanlıq hərəkətləri etmiş şəxs məsuliyyətə cəlb olunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl Şərur rayonunun Yengicə kəndində qeydə alınıb.
Belə ki, polis əməkdaşları kənd məktəbinin qarşısında xidmətdə olarkən 2009-cu il təvəllüdlü yeniyetmənin “Vaz 2107” markalı avtomobil sürdüyünü müşahidə ediblər. Onlar sürücülük hüququ olmayan məktəblini saxlayıblar. Bu zaman yeniyetmə atasına zəng edərək maşının saxlanması barədə məlumat verib.
Bundan bir neçə dəqiqə sonra 16 yaşlı oğlanın atası hadisə yerinə gəlib və oğlunun sürdüyü maşının saxlanmasına sərt etiraz edib, həmçinin digər xuliqanlıq hərəkətləri törədib.
Polis əməkdaşları 39 yaşlı şəxsi saxlayaraq şöbəyə dəvət ediblər və onun barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib.
Şərur Rayon Məhkəməsinin qərarı ilə vətəndaşa 6 sutkalıq inzibati həbs verilib.








