Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə operativ münasibət bildirməsi ilə seçilir. 79 yaşlı professor Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra verdiyi kəskin açıqlamalarla ictimai diqqəti öz üzərinə toplaya bilib.
Metbuat.az keçmiş nazirin son bir neçə ayda fəallaşması ilə bağlı məlumat əldə edib. Məlumata görə, Mərdanovun son vaxtlar özünü siyasi fiqur kimi aparmasının iki əsas səbəbi var.
Birinci səbəb professorun yaxın çevrəsinə də bəllidir. Misir Mərdanov hesab edir ki, onun işdən çıxarılmasında əsas rolu o vaxt Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev oynayıb. Aradan 12 il keçməsinə baxmayaraq, Mərdanov Mehdiyevi bağışlaya bilmir. Professor irəli sürdüyü ittihamlar, səsləndirdiyi mülahizələrlə akademikdən qisas alır.
Misir Mərdanovun fəallaşmasının digər səbəbi isə əsl sensasiya sayıla bilər. Professorun 2013-cü ildə tərk etdiyi kürsüyə yenidən əyləşmək istədiyi bildirilir.
İddia olunur ki, Elm və təhsil naziri Emin Əmrullayevin tezliklə vəzifəsi ilə vidalaşacağına inananlardan biri də Misir Mərdanovdur. Professor nazir postuna özünü ən real namizəd sayır. Onun xüsusi fəallığı həm də "yuxarıların" diqqətini öz üzərinə çəkməyə hesablanıb.
Qeyd edək ki, son günlər Misir Mərdanovla yanaşı, onun nazir işlədiyi vaxt yüksək post tutan sabiq məmurlar da fəallaşıb. Onlar Mərdanovun vəzifədə olduğu dövrdə təhsil sahəsində baş verən müsbət halları qabartmaqla bir növ keçmiş naziri “yada salmaq” istəyirlər.













