“Biz 25 ildir bu şirkətin səhmdarıyıq, amma bu vaxta qədər 200 manat belə dividend ala bilməmişik”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri “European Tobacco-Baku” ASC-nin səhmdarı olduğunu bildirən Billurə Hacıbəyova deyib.
Onun sözlərinə görə, əvvəlki adı “European Tobacco-Baku” olan “Baku International Tobacco” şirkəti uzun illərdir səhmdarlara dividendləri tam şəkildə ödəmir.
Şikayətçi bildirir ki, şirkətin rəhbəri Azər Süleymanlı, müavini isə Orxan Balakişiyevdir:
“Onlar səhmdarlara səhmləri 7 min manata satmağı təklif ediblər və həmin səhmlərin dəyərinin 6 qəpik olduğunu qeyd ediblər”.
Billurə Hacıbəyovanın sözlərinə görə, 2020-ci ildən bəri şirkət onlara hər il cəmi 10-15 manat dividend verir.
Sonuncu dəfə 2023-cü ildə 11 manat 70 qəpik məbləğində dividend aldıqlarını deyən səhmdar bildirib ki, həmin vaxt onlara heç bir qəbz təqdim olunmayıb, yalnız adlarının qarşısına məbləğ qeyd edilərək imza atdırılıb:
“Şirkətin satış dövriyyəsi yüksək olsa da, illik dividendlərin bu qədər az olması əsassızdır. Məsələnin hüquqi tərəfi ilə bağlı isə artıq məhkəmə prosesi də keçirilib. Məsələ üzrə Bakı Kommersiya Məhkəməsində, eləcə də Apellyasiya və Ali Məhkəmə instansiyalarında bizim xeyrimizə qərar çıxarılıb”.
Billurə Hacıbəyova iddia edir ki, səhmdarların suallarına nə vəkil, nə də şirkət rəhbərliyi cavab verir, iclaslara isə ASC-nin sədri Tural Qasımov qatılmır.
Məsələ ilə bağlı “Baku International Tobacco” MMC-nin baş direktorunun müavini Orxan Balakişiyev Yeniavaz.com-a bildirib ki, şirkət 12 iyun 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınıb və müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərir:
“European Tobacco-Baku” ASC tam fərqli hüquqi subyektdir və hazırda qeyd olunan ünvanda heç bir fəaliyyəti mövcud deyil. “Baku International Tobacco” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Köndələn I küçəsidir”.
Orxan Balakişiyev deyir ki, çaşqınlığın əsas səbəbi “European Tobacco-Baku” ASC-nin hüquqi ünvanının hələ də “Baku International Tobacco” MMC-nin fəaliyyət göstərdiyi ünvanda qalmasıdır:
“Bununla bağlı həm ASC rəhbərliyinə, həm də aidiyyəti dövlət orqanlarına ünvanın dəyişdirilməsi barədə rəsmi müraciətlər göndərilib”.
Orxan Balakişiyev səhmdarların məsələni ictimailəşdirməsinə də münasibət bildirib: “Son illərdə bəzi şəxslər “Baku International Tobacco” MMC-yə müraciət edərək əsassız tələblər irəli sürüblər. Şirkət bu şəxslərlə bir neçə dəfə görüş keçirib, vəziyyətin hüquqi əsaslarını izah edib, lakin bəzi səhmdarlar yenə də şirkətin adını ictimaiyyət qarşısında hallandırırlar. Həmin şəxslər nominal dəyəri 6 qəpik olan 28 ədəd səhmə əsaslanaraq 40–50 min manat həcmində birdəfəlik ödəniş tələb edirlər ki, bu da hüquqi və iqtisadi baxımdan əsassız hesab olunur”.
Orxan Balakişiyev sonda qeyd edib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, hər bir hüquqi şəxs yalnız öz öhdəliklərinə görə cavabdehdir və buna görə də başqa şirkətlərin səhmdarlarının “Baku International Tobacco” MMC-yə qarşı iddia qaldırması qanunla yolverilməzdir.
İddiada adı keçən “European Tobacco-Baku” ASC ilə də əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı.
Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətindən açıqlanan rəsmi məlumata görə, nizamnamə kapitalı 133 min 905 manat 66 qəpik olan “European Tobacco-Baku” ASC (VÖEN – 9900001341) 24 may 2004-cü ildə dövlət qeydiyyatına alınıb. ASC-nin qanuni təmsilçisi Qasımov Tural İsmayıl oğludur.
Nizamnamə kapitalı 15 milyon 187 min 130 manat olan “Baku International Tobacco” MMC (VÖEN – 1305045151) isə 12 iyun 2017-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Süleymanlı Azər Rauf oğludur.
Hər iki şirkət eyni hüquqi ünvanda – Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, 1-ci Köndələn, ev 21-də yerləşir.
Onu da qeyd edək ki, “European Tobacco-Baku” ASC rəsmi dövlət qeydiyyatına 2004-cü ildə alınsa da, sabiq milət vəkili Rüfət Quliyevin 1999–2017-ci illərdə bu şirkətə rəhbərlik etdiyi bildirilir.













