Şəkidə 11-ci sinif şagirdi sinif yoldaşını bıçaqlayıb.
"OXU.AZ" xəbər verir ki, hadisə Şəki şəhərində qeydə alınıb.
Şəhər sakini, 2009-cu il təvəllüdlü Ömər Salamov "Instagram" sosial şəbəkəsində sinif yoldaşı olan qıza "salam, necəsən?" yazıb. Qız isə onun yazdığına cavab verməyib.
Ömərin digər sinif yoldaşı Kərim isə bu yazışmanı görüb və Öməri söhbətə çağırıb.
O, Ömərdən nə üçün qıza yazdığını soruşsa da, Ömər yazdığını boynuna almayıb.
Kərim isə həmin qıza yazanı söyüb və Öməri vurub. Onların yanında olan sinif yoldaşları mübahisənin davaya çevrilməsinin qarşısını alıblar və onlar evlərinə gediblər.
Səhəri gün Ömər Kərimdən qisas almaq üçün evdən bıçaq götürərək, başqa sinif yoldaşından xahiş edib ki, Kərimə zəng vurub, görüşə çağırsın. Sinif yoldaşlarından biri Kərimə zəng vurub və onu görüşə çağırıb.
Həmin vaxt Ömər də həmin yerə gəlib və Kərimin ondan üzr istəməsini tələb edib.
Kərim Ömərdən üzr istəməyib və yenidən mübahisə başlayıb. Mübahisə nəticəsində Ömər üzərində gəzdirdiyi bıçaqla Kərimə qarın nahiyəsindən zərbə endirib.
Sinif yoldaşları Kərimin atasına bu barədə məlumat veriblər. Valideyni Kərimi xəstəxanaya çatdırıb və o, əməliyyat olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyatla Ömər Salamov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə Ö.Salamova şərti cəza verilib.













