Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti Samux rayonu, Alabaşlı qəsəbəsində 2 mərtəbəli 7 mənzilli yaşayış binasının tikintisi üzrə birmənbədən satınalma metodu tətbiq etməklə “Balacans İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 689.000,04 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 18.11.2025-ci ildə dərc edilib.
İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “Balacans İnşaat” MMC barəsində heç bir məlumat əldə edə bilmədik.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Balacans İnşaat” (VÖEN: 3801781021) Məhdud Məsuliyyətli Cəmiyyətinin 01.04.2025-ci il tarixdə 13 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olanMMC-nin hüquqi ünvanının,BALAKƏN RAYONU, BALAKƏN ŞƏHƏRİ, ƏLİ ANSUXSKİ, ev.19, qanuni təmsilçisi kimi isə Xoçberov Rəşid Rəşad oğlu qeyd olunub.
Qeyd edək ki, Xoçberov Rəşid Rəşad oğlu həm də 23 dekabr 2024-cü ildə yaradılmış, hüquqi ünvanı BALAKƏN RAYONU, BALAKƏN ŞƏHƏRİ, R.RZA, ev.42 olan “Agron trade” MMC-nin də qanuni təmsilçisidir.
”Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində “Balacans İnşaat” MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu. MMC-nin müvafiq sahədə peşəkarlığı, ixtisas göstəriciləri, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi barədə də açıq mənbələrdə heç bir məlumat yoxdu.
Göründüyü kimi FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti lisenziyası olmayan, cəmi 10 manat nizamnamə kapitalı olan bir MMC ilə birmənbədən satınalma metodu tətbiq etməklə yeddi yüz min manat civarında müqavilə bağlamışdır.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qanunun tələblərindən də göründüyü kimi, yaşayış binasının tikintisi işlərinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. Bu səbəbdən də, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən satınalma prosedurunun bu şəkildə keçirməsi şübhələnməyə əsaslar verir. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdur. Agentliyin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətinin rəisi isə Əliyev Kamran Fərman oğludur.
Onu xüsusilə qeyd etmək istərdik ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə tabeli qurumların satınalmalarda yol verdiyi qanunsuzluqlarla bağlı sosial şəbəkələrdə və elektron medida kifayət qədər geniş məlumatlara yayılıb.










