“Suriya təhlükəsizlik və sülh içində yaşamağa layiqdir, bu, region və dünyanın maraqlarına uyğundur”.
Teleqraf xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd Şaraa deyib.
“Dəməşqə gəldiyimiz gündən İsraili təhrik etməmişik və onun, yaxud başqa heç bir ölkənin təhlükə mənbəyinə çevrilməsini istəmirik”, - dövlət başçısı bildirib.
Şaraa vurğulayıb ki, İsrailin Dəməşqdə prezident sarayına hücumu mesaj ötürmək üçün deyil, müharibə elan etmək üçün həyata keçirilib. Amma o, Dəməşqin müharibə aparmaq istəmədiyini, İsrailin 2024-cü il dekabrın 8-dən sonra işğal etdiyi bütün ərazilərdən geri çəkilməsinin vacibliyini qeyd edib.
Əhməd Şaraa həmçinin söyləyib ki, Suriya suverenliyinə hörmət edən beynəlxalq tərəfdaşlıqlara açıq olacaq.
Suriya lideri əlavə edib ki, sahil və Süveyda bölgələrindəki hadisələr daxili məsələdir və qanuni yolla həll olunmalıdır: “Dövlət mülki şəxslərə qarşı cinayət törətmiş hər kəsi məsuliyyətə cəlb edəcək”.