Estetik prosedur etdirən qadın xoşagəlməz nəticə ilə üzləşib.
Bu barədə şikayətçi Rəvanə İmamverdiyeva Bizim.Media-ya müraciət ünvanlayıb. O, 2023-cü ildə plastik cərrah kimi tanıdığı Nazlı Babayevaya müraciət edərək, dodaq plastikası etirmək istədiyini bildirib:
“Razılaşdıq. Görəcəyi iş üçün məndən 800 manat pul aldı. Mən ona dodağıma cəmi 1 qram gel vurulmasını dedim. O isə məni inandırmağa çalışdı ki, 2 qram daha yaxşı forma verəcək. Üstəlik məni əmin etdi ki, o ancaq təbii geldən istifadə edir. Əməliyyatdan sonra dodaqlarımda şiş əmələ gəldi. Bununla bağlı Nazlı Babayevaya dəfələrlə müraciət etsəm də o bildirdi ki, 1 ilə qədər hər şey qaydasına düşəcək, şiş çəkiləcək və gel əriyəcək. Lakin hər şey əksinə oldu. Dodağım öz görnüşünü tamamilə itirdi. Bununla bağlı ailəmizdə ciddi söz-söhbətlər oldu. Hətta qardaşımla aramız pozuldu.
Dəfələrlə Nazlı Babayevanın yanında oldum.
Hər dəfə dodağıma bir məhlul sürtüb yola saldı ki, “yaxşı olacaq”. Amma heç nə yaxşı olmadı. Tez-tez iş ünvanını dəyişdiyinə görə Nazlı Babayevanı tapmaq da çətin olur. Başqa həkimlərin də qəbulunda oldum. Amma heç kim mənə kömək etmək istəmədi. Hamısı bildirdi ki, “bu adamın sənin dodağına nə vurduğunu biz bilmirik”. Bir sözlə, 3 ilə yaxındır ki, əziyyət çəkirəm.
Vaxtın uzanmasını indi Nazlı Babayeva öz lehinə çevirmək istəyir. Deyir ki, “3 il bundan qabaq olmuş prosedura mən nə edə bilərəm ki?”. Digər həkimlər də deyir ki, “dodağına vurulan gel sünidir, təcili çıxarılmalıdır. Əks-təqdirdə dodaqların daha pis görkəmə düşəcək”. İndi nə edəcəyimi bilmirəm”.
“Problemi var idisə, vaxtında müraciət edərdi”
Məsələ ilə bağlı plastik-cərrah Nazlı Babayeva ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, əməliyyatdan 3-4 il keçib:
“Dolğunun qalıcılığı 12 aydır. Sonra əriyib gedir. Bu xanımın problemi var idisə, vaxtında müraciət edərdi. İndi niyə müracət edir? Mən həm şəhid bacısıyam, həm də şəhid qızıyam. Rəvanə İmamverdiyava şər-xəta adamdır. 4 ildən sonra gəlib ki, “dodağıma süni dolğu vurmusan”.
Bildiyim qədər, son illərdə o Gəncədə, Bərdədə neçə həkimin yanında olub. Narazılığı varsa, getsin ekspertiza etdirsin. Ondan sonra müəyyən olunar ki, mənim günahım var, ya yox. Günahım varsa, qanun qarşısında cavab verməyə hazıram”.
Nazlı Babayeva lisenziyasız fəaliyyət göstərir
Araşdırmalarımız nəticəsində məlum oldu ki, Nazlı Babayevanın adı Səhiyyə Nazirliyi tərəfindən plastik cərrah kimi fəaliyyətinə icazə verilən 42 nəfərlik həkim siyahısında da yoxdur. Üstəlik, onun daimi iş yeri də bəlli deyil.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, Nazlı Babayeva lisenziya alan həkimlərin sırasında yoxdur.