“İcmamız Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini dəstəkləyir. İcma münasibətlərin daha da yaxınlaşmasını istəyir”.
Teleqraf xəbər verir ki, bunu Türkiyədəki erməni icmasının patriarxı Saak Məşəlyan İstanbulda Ermənistandan olan jurnalistlərə deyib.
“Bu həm də çiynimizdəki yükü yüngülləşdirməlidir. Son 100 ildə Ermənistan-Türkiyə münasibətləri o qədər gərgin olub ki, Türkiyədə erməni, Ermənistanda da türk adı qarğışa bərabərdir. Ona görə də, bu münasibətlər yaxşılaşarsa, ən böyük yük bizim çiynimizdən götürüləcək. Daha mehriban atmosferdə nəfəs almalıyıq”, - erməni din adamı bildirib.
Məşəlyan Ermənistan və Türkiyənin rəsmi dairələri arasında keçirilən görüşləri daim izlədiklərini vurğulayıb: “Bu görüşlərin nəticələrinə görə yaxşı xəbərlər alırıq”.
O qeyd edib ki, söhbət ikitərəfli yolların çəkilməsindən, Ani körpüsünün bərpasından, Türkiyə aviaşirkətinin Ermənistan bazarına daxil olmasından gedir: “Bütün bunlar davam edir. Biz qısa ömürlü varlıqlarıq, hər şeyi tez görmək istəyirik, amma millətlər və dövlətlərin həyatı uzundur. Türkiyə ilə Ermənistan arasındakı münasibətlərə nəzər saldıqda, nikbin olmaq üçün çoxlu səbəblərimiz var”.
Rəcəb Tayyib Ərdoğan hökumətinin cəmiyyətə münasibətindən danışan Saak Məşəlyan hazırkı rəhbərliyin kifayət qədər müsbət olduğunu vurğulayıb:
“Onların dövründə mülklərimizi geri aldıq, azadlıqlarımız oldu, bu gün binalarımızı, kilsələrimizi təmir edə bilirik. Vaxt var idi ki, mismar vurmaq üçün belə icazə almalı idik. İndi bütün bunlar daha asan edilir. Prezident və nazirlər bizə baş çəkir, müxtəlif tədbirlərə dəvət olunur, dövlət mərasimlərində bizə yer ayrılır”.