"Azəriqaz"ın strukturlarında qanunsuz və əsassız kadr "islahatları" haqlı etirazlarla müşaiyət olunmaqdadır. "DİA-AZ" xəbər verir ki, bu barədə növbəti vətəndaş gileyini ictimailəşdirən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı əlaqədar qurum və şəxsləri tədbir görməyə çağırıb.
"DİA-AZ" olaraq NHMT sədrinin təqdim etdiyi vətəndaş gileyini nəzərinizə çatdırırıq. Beləliklə, "Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsinin Göyçay Xidmət sahəsinin Qəza-Dispetçer Xidmətində qəza-bərpa işləri üzrə 5-ci dərəcəli çilingər işləyən Mirzəmmədov İbad Namiq oğlu yazır:
"Azəriqaz İstehsalat Birliyində həyata keçirilən struktur dəyişikliyi prosesi çərçivəsində 11 iyul 2025-ci il tarixində bilik və bacarıqların qiymətləndirilməsi məqsədilə keçirilən peşə sınaq imtahanında iştirak etmişəm. İmtahan prosesi nəticəsində komissiya üzvləri tərəfindən mənim bilik və praktiki hazırlıq səviyyəm yüksək qiymətləndirilmişdir. Hətta imtahanın sonunda komissiya üzvləri mənim savad və peşə hazırlığım barədə müsbət rəy bildirərək qeyd etmişlər ki, “bu səviyyədə bilikli və peşəkar çilingərlərin olması təqdirəlayiqdir” və “siz niyə hələ də usta vəzifəsinə keçməmisiniz” sualı ilə təəccüblərini ifadə etmişlər.
Lakin 13 oktyabr 2025-ci il tarixində yeni struktur üzrə formalaşdırılmış işçi siyahısı Göyçay Xidmət sahəsinə təqdim edilərkən, mənim adım həmin siyahıda yer almamışdır. Bu barədə şöbə rəisim Fərqan Məmmədova, Region rəisinin Göyçay Xidmət sahəsi üzrə müavini Pərviz Ədilova müraciət etdikdə o, rəhbərlik tərəfindən mənim fəaliyyətimin 5 balla (hansi ki regionun kadrlarından bildirdilər ki rəhbərin sətəm üzrə rəyi 3 ixtisas üzrə 4 bal olub) qiymətləndirildiyini, lakin səbəbin onların səlahiyyətində olmadığını bildirdilər.
Diqqətinizə çatdırmaq istəyirəm ki, yeni struktur cədvəlində “qəza-bərpa işləri üzrə çilingər” vəzifəsi ixtisara düşməyib. Əksinə, bu vəzifə yeni ştat strukturunda da saxlanılıb. Bu isə onu göstərir ki, mənim ixtisar olunmağım üçün hüquqi və əsaslı zərurət mövcud deyil. Halbuki digər əməkdaşların adları siyahıda yer almışdır ki, onlardan bəzilərinin nə imtahan prosesində orta və ya yüksək səviyyədə cavab vermək qabiliyyətində deyillər, nə də gündəlik olaraq əmək funksiyalarını lazımi səviyyədə icra etmirlər. Hətta bu siyahıda elə şəxslərin adı gəlib ki şöbə rəisi birini sahəyə çıxartmırdı, otaqda ona sənəd işlərinə kömək edirdi. Digər bir neçe nəfər ortada fırlanırdı. Həmin adamlar da yüksək dərəcələrlə yerləşdirilib. Etirazımızı bildirdikdə də "mənlik deyil, mən onlara söz deyə bilmərəm" deyə cavab verirdi. Bu fakt obyektivlik və ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
Əmək Məcəlləsinin 16-cı maddəsində göstərildiyi kimi, işəgötürən əmək münasibətlərində bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsipinə əməl etməlidir. Həmçinin, 70-ci maddənin “b” bəndinə əsasən, işçinin ixtisara salınması yalnız struktur dəyişikliyi nəticəsində vəzifənin ləğvi halında mümkündür. Halbuki mənim mövcud vəzifəm ləğv edilməyib.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bu məsələnin obyektiv qaydada araşdırılmasını, mənim imtahanda və gündəlik iş həyatımda nümayiş etdirdiyim bilik və bacarıqların ədalətli şəkildə qiymətləndirilməsini, əmək hüquqlarımın bərpa edilməsini xahiş edirəm.
Məsələnin ədalətli həll olunacağına, Azəriqaz İstehsalat Birliyinin rəhbərliyinin peşəkarlığına və şəffaf idarəçilik prinsiplərinə sadiq qalacağına inanıram".