Xəbər verildiyi kimi Milli Məclisin iclasında “Dövlət xidmətləri haqqında” qanun layihəsinin birinci oxunuşu müzakirəyə çıxarılıb.
Belə ki, müzakirələr zamanı millət vəkili Fazil Mustafa bildirib ki, ölkədə problemlərin operativ həlli üçün “Problemlərin həlli nazirliyi” adlı yeni strukturun yaradılması məqsədəuyğun ola bilər.
Bu təklif geniş müzakirələrə gətirib çıxarıb. Digər tərəfdən isə bir sıra nazirliklərin fəaliyyətinin dayandırılması təklifi kimi qiymətləndirilib.
Bəs həqiqətən də belə bir nazirlik yaradılarsa, əhəmiyyəti nə olacaq? Yaxud bu addım hər hansı bir nazirliyin ləğvinə səbəb ola bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Razi Nurullayev bildirib ki, belə bir nazirliyin yaradılması real deyil:
“Dünyanın heç bir yerində “Problemlərin həlli nazirliyi” olmur. Bu, sadəcə, mövcud vəziyyətə ironik yanaşma idi. Əslində, problemlərin çoxluğu əsas məsələyə çevrilib. Amma “Dövlət xidmətləri haqqında” qanun qəbul ediləndən sonra belə bir quruma ehtiyac yoxdur. Mən bu qanunun qəbulunu dəstəkləyirəm”.
Deputat əlavə edib ki, hazırda hansısa nazirliyin ləğvi məsələsi gündəmdə deyil:
“Biz konkret olaraq deyə bilmərik ki, hər hansı nazirliyə ehtiyac yoxdur. Amma gələcəkdə bəzi strukturlar birləşdirilə bilər. Bunun üçün ciddi araşdırma aparılmalıdır. Ölkədə çevik idarəçilik sistemi üçün böyük islahatlara ehtiyac var”.