32gun.az bu dəfə 112 saylı Zaqatala seçki dairəsinin deputatı Asif Əsgərovun Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrü araşdırıb. Məlum olub ki, A.Əsgərovun icra başçısı kimi fəaliyyət göstərdiyi son illərdə – xüsusilə 2023–2024-cü illərdə Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra satınalmalar həyata keçirilib.
Aparılan araşdırma göstərir ki, Asif Əsgərovun Nəsimi RİH başçısı olduğu dövrdə sadəcə 16 ay ərzində ümumi dəyərinin 1 milyon 401 min 076 manat 60 qəpik dəyərində tender müqaviləsi bağlanıb. Satınalmaların böyük hissəsinin eyni şirkət – “EVEREST-2022” MMC-yə verilməsi diqqət çəkən məqam kimi önə çıxır.
2023–2024-cü illərin tender siyahısı
2023-cü il
-
13.09.2023 – “EVEREST-2022” MMC – Parklarda istifadə ediləcək mallar
97 355,9 AZN -
“KONEKS CONSTRUCTION” MMC – Küçə və həyətyanı sahələrin asfalt örtüyü
393 174,08 AZN -
“BİLGƏ QRUP” QSC – Təsərrüfat işçiləri üçün mallar
178 788,88 AZN -
“EVEREST-2022” MMC – Abadlıq işləri üçün mallar
267 452,9 AZN -
“TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” QSC – Müxtəlif təyinatlı hissələr
17 310,6 AZN -
“EVEREST-2022” MMC – Müxtəlif təyinatlı hissələr
17 310,6 AZN -
“EVEREST-2022” MMC – Parklar üçün mallar
74 542,96 AZN -
“EVEREST-2022” MMC – Müxtəlif təyinatlı hissələr
17 310,6 AZN -
“EVEREST-2022” MMC – Parklarda istifadə ediləcək mallar
25 335 AZN -
Vasif Nəzir oğlu Mürşüdov – Oturacaqlar və zibil qutuları
25 335 AZN
2024-cü il
-
“EVEREST-2022” MMC – Həyətyanı sahələr üçün idman-əyləncə qurğuları və tullantı qutuları
276 127,08 AZN -
“EVEREST-2022” MMC – Avtomobil ehtiyat hissələri
11 033 AZN
Nəticələr bunu göstərir ki...
Araşdırma göstərir ki, tenderlərin böyük hissəsi – xüsusilə də abadlıq, park avadanlıqları və müxtəlif təyinatlı malların alınması üzrə müqavilələr eyni şirkət olan “EVEREST-2022” MMC ilə bağlanıb. 2023–2024-cü illər üzrə ümumi dəyəri 1,4 milyon manatı aşan satınalmaların strukturu və icrası isə müvafiq qurumların şəffaflıq mexanizmlərinin nə dərəcədə işlədiyini yenidən gündəmə gətirir.
Xatırladaq ki, Bakının ən iri rayonlarından olan Nəsimi rayonunun sabiq icra başçısı Asif Əsgərov vaxtı ilə vaxtaşırı olaraq müxtəlif qalmaqallarla gündəmə olub.
2021-ci ildə o, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbərinin işi üzrə məhkəmədə şahid kimi dindirilmişdi. O, Nəsimi rayonunda aparılan qanunsuz tikinti haqda “məlumatsız olduğunu” bildirmişdi.
Bundan öncə isə Asif Əsgərov oğlunun avtoqəza törətməsi və ölümə səbəb olması ilə gündəmə gəlmişdi. Belə ki, 2014-cü il sentyabrın 27-də Asif Əsgərovun oğlu İlham Əsgərlinin idarə etdiyi “Mersedes” markalı avtomobil Ə.Qəhrəmanovun idarə etdiyi “Hovo” markalı yük maşını ilə toqquşmuşdu. Qəza nəticəsində “Mersedes” markalı avtomobildə olan Sənan Mirzəyev dünyasını dəyişmişdi. S.Mirzəyev “MakDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu idi.
İstintaq müddətində azadlıqda qalan İlham Əsgərli 2015-ci ilin mayında məhkəmə zalında həbs edilmiş, ona 5 il 6 ay həbs cəzası verilmişdi. Ancaq qısa müddətdən sonra İlham Əsgərli “səhhəti ilə bağlı” azadlığa çıxmışdı.
İ.Əsgərlinin qısa müddətdə həbsdən çıxması həmin vaxt qarşı tərəfin etirazı və narazılığı ilə qarşılanmışdı.
İdman(çı) keçmişi
A.Əsgərov 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
1989-cu ildən əmək fəaliyyətinə başlamış, Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləmişdir. 1994-cü ildən "ATTİLA" idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olmuş, 1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini olub. Həmçinin Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir.








