Şəki Apellyasiya Məhkəməsində dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Təbriz Dəmirov və onun tanışı Əhməd Əzizovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, Təbriz Dəmirovun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ilə Əhməd Əzizovun isə 6 il həbs cəzası 6 ilə endirilib.
İttihama görə, hər iki şəxs Ədliyyə Nazirliyinin Ağdaş rayon Qeydiyyat Şöbəsinin rəisi Teymur Mustafayevi şantaj ediblər. Təbriz Dəmirov özünü “Cinayət və Olay” qəzetinin və saytının təsisçisi və baş redaktoru kimi təqdim edib.
Məlumata görə, hər iki şəxs ayrı-ayrı vəzifəli şəxsləri rüşvət almaqda ittiham edərək onlardan pul tələb ediblər. Vəzifəli şəxslərin videolarını gizli şəkildə çəkərək şantaj ediblər.
Məlum olub ki, Təbriz Dəmirov arvadından boşanmaq üçün Qeydiyyat şöbəsinə müraciət edib. Lakin arvadı ölkədə olmadığı üçün boşanma mümkün olmayıb. Təbriz Dəmirov arvadı Rusiyada olduğu halda boşanmanın onsuz rəsmiləşdirilməsini istəyib. Buna görə də həmin şöbənin rəisi Teymur Mustafayevin işçisi Mətanətə rüşvət verib. Daha sonra həmin məlumat və görüntülərlə Teymur Mustafayevi şantaj edərək ondan pul tələb ediblər. Əvvəlcə razılıq əldə etmədiklərinə görə, hazırladıqları videonu prokurorluğa göndəriblər, lakin cinayət tərkibi olmadığı üçün işə xitam verilib. Bir müddət sonra Dəmirov və Əzizov rəisi yenidən şantaj ediblər və ondan iki dəfə 1 000 manat pul alıblar.
Şantaj edilənlər arasında Ağdaş Rayon Mərkəzi Xəstəxanasının laborantı da olub. Onlar xəstəxanaya gedərək həkimlərə özləri “şirinlik” təklif ediblər, prosesi lentə alıb daha sonra onlardan pul tələb ediblər. Laborantdan əvvəlcə 20 min manat, daha sonra məbləği 5 min manata endiriblər və sonda həmin şəxsdən 2 min manat alıblar.
Ağdaş Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevtindən də 1 000 manat aldıqları müəyyən edilib.
Həmin xəstəxanada həkim-oftalmoloq kimi çalışan İradə Əhmədova da qurbanlardan biri olub. Təbriz Dəmirov müalicə üçün müraciət etdiyi xəstəxanada ona pul verərək prosesi lentə alıb, daha sonra videonu yayımlamaqla hədələyərək həkimin ərindən 2 000 manat alıblar.
Təbriz Dəmirov ifadəsində bildirib ki, hadisələrdə əsas günahkar Əhməddir. Özünün jurnalist kimi araşdırma apardığını və məlumatları hüquq mühafizə orqanlarına təqdim etdiyini deyib. O, görüntüləri əldə edən və zərərçəkmiş şəxsləri şantaj edən şəxsin Əhməd olduğunu bildirib. Həmçinin, Əhməddən qorxduğu üçün onun dediklərinə razılaşdığını qeyd edib.
Zərərçəkmiş şəxslərin ifadələrindən məlum olub ki, Əhməd Əzizov Ağdaş şəhərində müxtəlif şəxslərin adından dövlət orqanlarına əsassız müraciətlər və şikayətlər göndərən, dövlət qurumlarının rəhbərlərini və əməkdaşlarını şantaj etməyə meylli şəxs kimi tanınıb. Həmçinin o, daim xarici dövlət nömrə nişanı olan avtomobil idarə edib.








