Xəbər verdiyimiz kimi, Ramiz Mehdiyevin dövlət hakimiyyətini zorakı yolla ələ keçirməsinə yönələn əməlləri ilə bağlı cinayət işi çərçivəsində müxtəlif şəxslər, o cümlədən Əli Kərimli, istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə bir neçə şəxsin dindirildiyi məlumdur.
Moderator.az-a danışan AMİP sədri, millət vəkili Arzuxan Əlizadə bildirib ki,Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb və ona qarşı dövlətə xəyanət, dövlət hakimiyyətini zorakı yollarla ələ keçirmə və külli miqdarda mənimsəmə kimi ciddi ittihamlar irəli sürülüb:
“Bu maddələrlə ittiham irəli sürülən cinayətləri bir şəxsin təkbaşına həyata keçirməsi mümkün deyil. Bunun üçün komanda lazımdır. Ramiz Mehdiyevin ətrafında bir komandası olub və idarə etdiyi şəxslər var. İlk gündən demişdim ki, sürpriz adlar ortaya çıxa bilər və bunlar təkcə Ramiz Mehdiyevin birbaşa əlinin altında olan şəxslər deyil, bəzi siyasətçilər və hətta bəzi partiya liderləri də ola bilər.
Bu gün prosesin növbəti mərhələsi başlayıb. AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbərliyində olan şəxslər və Xalq Cəbhəsi Partiyasının ayrı-ayrı funksionerləri istintaqa cəlb olunublar. Əli Kərimli və digərləri barəsində artıq ittihamlar irəli sürülüb və cinayət işinin açılması ehtimalı var. Gültəkin Hacıbəyli isə Türkiyədən deport olunub və bu prosesə cəlb olunacağı məlumdur.
Bütün bunlar göstərir ki, ciddi dəlil və sübutlar mövcuddur. Hüquq-mühafizə orqanları, xüsusilə Dövlət Təhlükəsizlik Xidməti prosesi aparırsa, istintaq çərçivəsində adları çəkilən şəxslərin dindirilməsi və istintaqa cəlb olunması bununla bağlı kifayət qədər əsaslı dəlil və sübutların mövcud olduğuna işarədir. İstintaq çərçivəsində dəlil və sübutların təsdiqlənməsi baş verəcək. Bu, siyasi partiya və lider adına böyük utancdır”.
Millət vəkili hesab edir ki, başqa dövlətin bilavasitə təsiri altında olmaq, həmin dövlətdən maliyyələşmək və ölkədə qeyri-konstitusion yolla çevrilişə cəhd göstərmək siyasi şəxslər üçün utancverici haldır və eyni zamanda çox ciddi dövlət cinayətidir:
“Ona görə ki, siyasi partiyalar və siyasətçilər ölkənin qanunlarına hörmət etməli, riayət etməli və dövlətin, millətin maraqlarını hər şeydən üstün tutmalıdırlar. Əgər bu çərçivədə başqa dövlətlər tərəfindən maliyyələşir və həmin dövlətlərin maraqlarını ölkənin maraqlarından üstün tuturlarsa, bu, öz dövlətinə qarşı xəyanət kimi qəbul edilir və cinayət məsuliyyətini gündəmə gətirir.
Əgər həmin şəxslərin əməlləri sübuta yetiriləcəksə, onlar ən sərt şəkildə cəzalandırılmalıdır ki, digərləri üçün də dərs olsun və Azərbaycanda qeyri-konstitusion yolla hakimiyyəti ələ keçirməyə cəhdlər bir daha təkrarlanmasın. Azərbaycan dövlətçiliyi hər şeydən üstündür və üstün tutulmalıdır. Əks halda, bu kimi hadisələrin fəsadları qaçılmazdır. Bu yola qədəm qoyanlar anlamalıdırlar ki, gec-tez məsuliyyətə cəlb olunaraq ədalət mühakiməsi qarşısında qalmalı olacaqlar”.








