Paytaxtın bəzi ərazilərində quraşdırılan “Azərmətbuatyayımı” ASC-yə məxsus köşklərin götürüldüyü bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Bu gün Binəqədi rayonu ərazisində fəaliyyət göstərən köşklərdən birinin quraşdırıldığı ərazidən götürülməsi ilə bağlı foto da yayılıb.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 345 min 304 manat olan “Azərmətbuatyayımı” ASC (VÖEN – 1500515761) 29 iyun 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Salmanov Süleyman Əli oğlu olan ASC-nin hüquqi ünvanı “Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 30K”-da yerləşir.
“Azərmətbuatyayımı” ASC-nin təsisçisinin “Kaspi Mətbuat Yayım” MMC (VÖEN – 1700165031) olduğu bildirilir. 1 mart 2004-cü ildə dövlət qeydiyyatına alınan “Kaspi Mətbuat Yayım” MMC-nin qanuni təmsilçisi də Salmanov Süleyman Əli oğludur.
“Kaspi Mətbuat Yayım” MMC-nin dövlət qeydiyyatına alındığı hüquqi ünvanda – Fikrət Əmirov küçəsi, ev 1 ünvanında Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşib.
Fikrət Əmirov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan və daha sonra ləğv olunan “Atom Qida" MMC-yə (VÖEN – 1701554201) Əli Həsənovun ABŞ-də yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib.
2021-ci ildə Əli Həsənovun ailə üzvlərinə məxsus olan və Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən “Bakı 24” MMC, “Kaspi AZ” MMC, “Mətbuat Evi” MMC, “Golden Prince” MMC, “Global Advertisement” MMC və “Kaspi Co” MTK adlı şirkətlər də ləğv olunduğunu elan ediblər. Adları çəkilən bu şirkətlərə Şamxal Həsənli və Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Azər Vəliyev rəhbərlik edib.
Bunlardan başqa, hazırda Fikrət Əmirov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan “Kaspi Education” MMC-nin (VÖEN – 1701352711) qanuni təmsilçisi də Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır.









