Mao dövründə Çində aclıqdan ölənlərin sayı 45 milyondan çox idi. Sonra hakimiyyətə Den Syaopin gəldi. O, ölkədəki bütün əkin sahələrini xalqa payladı.
Kasıb kəndli birdən-birə torpaq sahibi oldu. İnsan oğlu yerində durmağı sevmir, o üzdən o kasıbın da ümidləri artdı, istəkləri çoxaldı. Kəndli torpağını becərdi, məhsuldarlıq 60% yüksəldi.
Bunu oxuyan Azərbaycan məmuru deyəcək: “Nə olsun, biz də kəndlilərə torpaq, heyvan veririk, işləmirlər, tənbəldirlər.”
Elə deyil, qayıdaq Çinə.
Den Syaopin torpaqları paylayıb kənara çəkilmədi. O, kəndlilərin məhsulu birbaşa satması üçün şərait yaratdı, nəticədə aradan alverçilər və monopolistlər çəkildi. Dövlət ən ucqar kəndlərə belə suvarma kanalları və yollar çəkdi, bölgələrdə gübrə və toxum zavodları tikdi, traktor kimi texnikanı əlçatan etdi.
Kənd bankları yaradıldı, ucuz faizlə kreditlər paylandı. Bəzən hansısa məhsul çox əkilir, bazar dolur, kəndlinin əlində qalırdı. Problem deyil. Anbarlar tikildi, kəndlərə yaxın yerlərdə konserv zavodları açıldı. Beləliklə, kəndli sata bilmədiyi məhsulu ya zavoda sata bilər, ya da anbarda saxlayıb il ərzində bazara çıxara bilərdi.
Bizdə isə bir işi görürlər, doqquzunu yarımçıq saxlayırlar. Kəndliyə inək verilir, amma düşünülmür ki, otarmağa torpaq yoxdur, yem fabrikləri yoxdur. Bəs bu inəyi nə ilə yedizdirəcək? Torpaq verilir, kəndlinin suyu yoxdur. Kredit verilir amma kəndli nə əkəcəyini bilmir, maarifləndirmə, yönləndirmə yoxdur.
Bizim kəndlinin malı əlində qalır, sata bilmədiyindən zibilliyə atır, onu normal qiymətə alacaq sok, çaxır, turşu, konserv zavodları yoxdur. Qoyun verilir amma ölkəni xəstlik bürüyüb, virusla mübarizə aparacaq qurumlar yoxdur.
Orxan - "DİA-AZ"









